Səhiyyə Nazirliyi koronavirusla bağlı xüsusi işçi qrupu yaratdı

0
405

Səhiyyə Nazirliyi ölkədə COVID-19 virusu ilə mübarizəni gücləndirmək məqsədilə xüsusi işçi qrupu yaradıb.

Nazirlikdən verilən məlumata görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova onlayn müsahibəsində deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkədə yayılmış COVID-19 virusunun qarşısını almaq üçün əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək vermək məqsədilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi haqqında verilmiş tapşırığa əsaslanaraq bir sıra tədbirlər görülüb.

Belə ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri Səhiyyə Nazirliyi nəzdində 29 iyun 2020-ci il tarixindən etibarən fəaliyyətinə başlayan işçi qrupunun yaradılmasıdır. Bu qrupun fəaliyyəti bilavasitə Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən idarə edilir. İşçi qrupunu Bakı Baş Səhiyyə İdarəsinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbər heyəti və aparıcı mütəxəssisləri təmsil edir.

Hazırda Bakı şəhərində rayonlar üzrə uşaq və böyüklər üçün şəhər poliklinikaları, birləşmiş şəhər xəstəxanaları və sağlamlıq mərkəzlərindən ibarət 87 tibb müəssisəsi fəaliyyət göstərir. İşçi qrupu rəhbərliyinin qərarı ilə Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan ərazi bölgüsü əsasında həmin 87 tibb müəssisəsini əhatə edən COVID-19-la mübarizə məqsədilə 39 ərazi tibb məntəqəsi yaradılıb. Yaradılmış tibb məntəqələrinin əsas öhdəliyi COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül keçirən xəstələrin ev şəraitində müayinə və müalicəsini təmin etməkdir. Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupunun vəzifələrinə həmin ərazi tibb məntəqələrinin işinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarəedilməsi, koordinasıyası, monitorinqi və keyfiyyətə nəzarət aiddir.

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova müsahibə zamanı bildirib ki, ölkədə yoluxma sayının azaldılması məqsədilə çoxsaylı tədbirlər görülür və ictimaiyyət Səhiyyə Nazirliyi tərəfindən atılan bütün addımlar barədə mütəmadi olaraq məlumatlandırılacaq. Bununla yanaşı, Nelli Veysova bilavasitə şəhər sakinlərinə müraciət edib: “Ölkəmiz çətin günlər yaşayır və bu vəziyyətdən çıxış yolu tapmaq hər bir azərbaycanlının vətəndaş borcudur. Xalqımızdan güclü və məsuliyyətli olmağını gözləyirik. Biz də tibb heyəti olaraq, əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq”.

Baş Səhiyyə İdarəsinin rəisi bildirib ki, son həftə ərzində COVID-19 virusunun müayinə və müalicəsi məqsədilə şəhər sakinlərinin poliklinikalara axınının çoxalması virusun yayılmasına səbəb ola bilər. Bu səbəbdən COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşlara xahiş ilə müraciət edib ki, poliklinikalara getməkdən çəkinsinlər, ilkin məsləhət və müayinə üçün telefon zəngi vasitəsilə sahə poliklinikaları ilə əlaqə saxlasınlar. Sahə poliklinikalarının əlaqə nömrələrinin siyahısı Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.