Səhiyyə naziri əmr imzaladı – uşaqlar peyvənd olunacaq

0
608

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Əmrdə 2020-ci ilin aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, COVİD-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə Respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.