Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Vətən müharibəsi şəhidləri Nəcəf Şikarovun, Sənan Kərimovun, Elvin Əlimovun, Elzar Yusubovun, İsmayıl Mehdiyevin, Tamerlan Mahmudovun, Ruhid İslamlının, Mehrac Əhədovun və Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.
Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçirilən mərasimlərdə şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.