Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

0
365

44 günlük Vətən Müharibəsində torpaqlarımızın hər qarışı uğrunda say-seçmə oğullar canlarını qurban verdilər. Onlardan biri də 28 yaşlı Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Elçin Hüseynovdur.

Döyüşdə yaralansa da, geri çəkilməyib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Strateji yüksəkliklər düşmən əlinə keçməsin, döyüş yoldaşları sağ qalsın deyə özünü güllənin qabağına verib. 

Şəhid hərbi qulluqçumuzla bağlı qardaşı Natiq Hüseynov Qafqazinfo-ya danışıb:

“Qardaşım 2014-cü ildə hərbi xidməti başa vurub və həmin ildən də MAHHXHQ kimi snayper-kəşfiyyatçı vəzifəsində xidmətə başlayıb. 2016-cı il aprel döyüşlərində fəal iştirak edib. İkinci Qarabağ Müharibəsi başlanandan da ön cəbhədədir.

Suqovuşan uğrunda döyüşlərdə yaralansa da, döyüşü dayandırmayıb. Yaralı halda düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. “Mübariz postu”nda şəhid olub”. 

N.Hüseynovun sözlərinə görə, qardaşı öz silahdaşları ilə birlikdə mühasirədə qalıb. Lakin Elçin ölümü gözə alaraq, yüksəkliyi aşıb, düşmənin olduğu sahəyə daxil olub və onları atəşə tutanları vurub: 

“Kəşfiyyatçıların dediyinə görə, Elçin şəhid olanda iki dəfə güllə yarası alıb. Birinci güllə başının arxasından dəyib, komandiri elə bilib ki, Elçin şəhid olub. Lakin bir müddətdən sonra onun sağ olduğunu görüblər.

Uzandığı yerdən qalxıb, komandiri Elman Əzizli rabitə ilə geri qayıtması əmrini verib. Amma Elçin dayanmayıb, komandirə “gözləyin” deyib. Düşmənlə üzbəüz dayanıb, ikinci güllə dəyməmişdən özündə güc tapıb ermənini nişan ala bilib və vurub. Sonra ikinci güllə başından dəyib.

Elçin uzandığı yerdə bir neçə saniyəyə “bronjilet”i çıxarıb, içindəki bayrağı şalvarının cibinə qoyub, silahını qucaqlayıb və həmin yerdə də şəhid olub”. 

Şəhidin nəşini götürmək üçün bütün kəşfiyyatçı yoldaşları əllərindən gələni ediblər. Yalnız 11 gündən – düşmən arxaya çəkiləndən sonra Elçinin cəsədini ərazidən götürmək mümkün olub.

Qardaşı deyir ki, Elçin ondan yaşca böyük olsa da, subay idi, heç evlənmək barədə düşünmürdü. Bircə arzusu var idi – Şuşa, ondan başqa heç nə düşünmürdü. Həyatı ancaq post və səngərdən ibarət idi. Elə öz arzuları uğrunda da bu dünyadan getdi. 

Şəhid qəhrəman Elçin Hüseynov oktyabrın 17-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Silahdaşları onun sonuncu arzusunu yerinə yetiriblər. Şuşanı azad etmək, Şuşanı görmək istəyən şəhidin məzarına Şuşa torpağı səpilib