Şəhid Vüsalın hekayəsi: “Dedi, səni qaçqınlıqdan qurtarmağa gedirəm…” (FOTO)

0
473

Vüsalı çoxdan tanıyırdım. Votsapda bir dost qrupumuz varıydı. O vaxt jurnalist kimi çalışırdım. Müsahibələrə gedəndə həmən qrupa yazırdım: “Uşaqlar, filankəsdən müsahibə alacam. Nə soruşmaq istəyirsiz, sualınızı göndərin, soruşum”. 
Heç kim əhəmiyyət vermirdi. Bircə Vüsaldan tutarlı üç-beş sual gəlirdi. Elə müsahibənin sütunu da o sualların üstə qurulurdu. O vaxtdan onun intellektinə də, dünya görüşünə də bələd idim. 
“Qaçqın” sözü uşaqlıqdan həyatıma, taleyimə qara və iri hərflərlə elə yazılıb ki, onun nə yazılışını, nə də rəngini heç kim mənim üçün dəyişə bilməzdi. Bircə Vüsalın “Qaçqın” deməyindən incimirdim. Çünki o öz təbrincə desək, bu sözü ironiyalaşdırır, qorxusuzlaşdırırdı. O deyirdi ki, insan onu ağrıdan nəsnələrə ironiyayla yanaşmalıdır. Həmişə mənə zarafatla “Necəsən, qaçqın?” – deyirdi. Mən də əsəbiləşib, “Qaçqın sənsən e, Lənkəran dura-dura gəlib Bakıda qalırsan. İndi bax, hansımız qaçqınıq?” 
Gülürdü: “Sən gözlə, biz qaçqınlar siz qaçqınları burdan xilas edəcəyik”, – deyirdi. Ya da metroda, “Şəhərimizin sakinləri və qonaqları” deyəndə üzümə baxıb gülərək: “Qonaqlar” deyəndə səni nəzərdə tuturlar”, – deyirdi. 
Vüsal həyata da, insanlara da, insanlığa da gülümsəyərək başlamışdı. Üzündəki qəribə bir məsumluqla, insanlıqla, elə hey bir əli kimisə xilas etmək üçün, kiməsə yardım etmək üçün uzalı idi. 
Görəsən son nəfəsində də uzanan əlindən tutan oldumu, Vüsal? Kim varıydı yanında?
Vüsal həm də hərbiçi idi. Qismən səfərbərlik elan olunanda içindəki Vətən sevgisi, Vətən ruhu onu rahat buraxmadı. Döyüşlərə qatıldı. Həm də ön cəbhədə. Gedəndə mənə yazdı:
– Qaçqın, gedirəm statusunu əlindən almağa.
– Nə statusu? Hara gedirsən?
– Gedirəm Qubadlını alım, gələm. Səni qaçqınlıq statusundan məhrum edim, bu camaatın da başı dincəlsin sənin “Qaçqınlıq” mövzularından.
– Sən Allah, zarafatı kənara qoy. Ciddisən?
– Əlbəttə, Vətən bizi gözləyir. Xocalının qisasını biz almasaq, eyni taleyi övladlarımız yaşaya bilər. Dua elə, Ömray, dua elə.
– Özünü qoru, başqa nə deyə bilərəm ki…
Sonra bir neçə dostdan öyrəndim ki, Vüsal bütün döyüşlərdə özünü irəli atır, bütün hərbi əmrlərə birinci o reaksiya verir. Dostlarının içində mərdliyi, vətənpərvərliyi ilə xüsusi seçilir. “Ona deyin, onu gözləyən övladları var, ehtiyatlı olsun”, – demişdim. Cavabı elə Vüsala yaraşan olmuşdu: “Övladlarımın azad, bütöv bir ölkədə yaşaması üçün canımı da qurban verərəm”. 
Böyük səhifələrin birində Vüsalın şəhidlik zirvəsinə ucaldığı xəbərini eşitdim. Heç nə deyə, yaza bilmədim. Səni nə qədər sevən varmış, dost…Bir deyim var e: “yaşananlar xatirəyə çevriləndə ağı olur”. İndi bu yazımla Vüsala ağı deyirəm elə bil. Vətən anlayışını yeniləyən, insanların bir-birinə inamını, güvənini təzələyən, bərkidən, bayrağımızı, adımızı göylərə ucaldan şəhidlər içində adı olan şəhid dostum, səninlə fəxr edirik. Səni uzaqdan bir dəfə görən, salamlaşan biri də fəxrlə “dostum olub” deməyə çalışır. Nə möhtərəm, nə möhtəşəm yerdəsən, dost. 
İndi sən dual elə, Vüsal. Dua elə, Allah bizi bağışlasın…