Şəhid Qarayev Məhəmməd Mahir oğlu son mənzilə yola salınıb

0
282

12 may 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Qəbələ şəhər sakini, sərhəd qoşunlarının hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Məhəmməd Qarayevin nəşi dəfn olunmaq üçün doğulduğu Qəbələ şəhərinə gətirilmişdir. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, Dövlət Sərhəd Xidmətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq ruhuna dualar oxunmuşdur. Məhəmməd Qarayevin nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin atasına təhvil verilmişdir.
Başın sağ olsun vətən!

Təranə Alməmmədova

Xarıbülbül Ədəbi Məclisinin, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri