Şəhid dostunun nəşini qorumaq üçün yaralı halda döyüşdü – VİDEO

0
493

Döyüş meydanında yaralandığını gizlədib və yenidən döyüşə qayıdıb. Çünki yaralandığı bilinsəydi, onu döyüşdən kənarlaşdıracaqdılar. Söhbət 44 günlük Vətən Müharibəsinin qazilərindən biri olan Gəncə sakini Süleyman Məmmədovdan gedir: “Heç kəsə bildirmədim, birtəhər dözdüm, dedim, keçib gedəcək”.

Qazimiz könüllü olaraq sentyabrın 27-də torpaqlarımız azadlığı uğrunda başlayan Vətən Müharibəsinə qatılıb və döyüşlərə Murovdağ istiqamətindən başlayıb. Sonradan Füzuli istiqamətinə göndərilib. Cəbrayıl, Qubadlı və Zəngilanda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq göstərib. Amma hərbi əməliyyatların dayandırılmasına cəmi bir neçə gün qalmış – noyabrın 3-dən 4-nə keçən gecə Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gələrək ağır yaralanıb: “Növbəti tapşırıq gəldi. Çətin də olsa, bütün zirvələr götürüldü”.

Süleyman yaralanandan sonra əvvəlcə Füzulidə hospitala yerləşdirilib. Yarası ciddi olduğu üçün Ağcabədiyə göndərilib. Dediyinə görə, Ağcabədidə özündən ağır yaralılar gördüyü üçün əməliyyatdan imtina edib: “Baxdım ki, məndən də ağır yaralılar var. Ayın 6-da əməliyyat olundum”.

Süleyman silah yoldaşları ilə birlikdə düşmənin bir çox döyüş mövqelərini, hərbi texnikalarını və canlı qüvvələrini məhv edib. Onun sözlərinə görə, hər bir döyüşçümüz düşmənə qarşı ruh yüksəkliyi ilə vuruşurdu. Çünki Ali Baş Komandanın əmri ilə mənfur düşməndən qisas almağın vaxtı gəlib çatmışdı: “İçimizdə qorxu yox idi. Şəhid olmaq hər adama qismət olmur”.

Süleyman Məmmədov qeyd edib ki, düşmən ordusunun əsgərləri döyüş meydanında məğlub olduğunu görərək, silah-sursatı və hərbi texnikalarını qoyaraq qaçırdılar. Hətta bir neçə dəfə qorxu hissi o qədər güclü olub ki, öz tərəflərinə yox, bizim tərəfə qaçıblar: “Qaça bilmədikləri üçün döyüş meydanında zirehli jiletlərini, kaskalarını soyunub qaçırdılar. Füzuli istiqamətində 11 ədəd texnikanı qoyub qaçmışdılar. Qaçdıqları yeri də bilmirdilər. Amma onlara o da azdır. Onlar bilirdilər biz gələcəyik”.

Həmsöhbətimiz yaralanmasına yalnız bircə səbəbdən təəssüflənir – müharibənin sonuna qədər gedə bilmədiyinə görə: “Yaralanmasam, daha da qabağa getmək istəyirdim”.

Oğlu ilə fəxr etdiyini deyən qazinin anası Vətən Müharibəsində şəhid olanlara rəhmət, yaralılara şəfa diləyib.

Qazimiz ailəlidir, iki övladı var. Uşaqları da ataları ilə qürur duyur.

Qeyd edək ki, Süleyman Məmmədov döyüş meydanında şəhid olan əsgər yoldaşının nəşini çıxaran zaman düşmən gülləsinə tuş gəlib. Lakin yaralı olsa da, onlara tərəf gələn səkkiz erməni əsgərini öldürüb və dostunun meyiti düşmənin əlinə keçməsin deyə yaralı vəziyyətdə özü ilə 700 metr daşıyıb.