Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi evlər təqdim olunub – FOTO

0
445

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün ölkəmizin bölgələrində 60-dək fərdi yaşayış evi şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Yeni fərdi yaşayış evləri ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər Zəfər ili olan 2020-ci ildə sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan işlərdən razılıqlarını diqqətə çatdırıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, dövlətimizin qarşıdakı dövrdə də yeni-yeni qələbələrə nail olacağına əminliklərini bildiriblər. Onlara göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına  görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatına, xüsusilə əhalinin həssas qruplarının həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət edir. 30 ilə yaxın işğal altında qalmış ərazilərimizin azad edilməsi kimi möhtəşəm Zəfərimizlə əlamətdar olan 2020-ci ildə də sosial müdafiə sahəsində mühüm irəliləyişlərə nail olunub.

Cari ildə 1450 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Yaxın günlərdə bir sıra bölgələrimizdə də yeni fərdi evlər veriləcək. Ümumilikdə, bu vaxta qədər 9 100-dən çox şəhid ailəsi və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs evlə təmin olunub. Eyni zamanda, 2020-ci ildə 400 avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və onlara bərabər tutulanlara təqdim edilməsi proqramı da tam icra olunub.

Ümumilikdə, pandemiya ilə bağlı məhdidiyyətlərə baxmayaraq, 2020-ci il üçün nəzərdə tutulan bütün sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurlu icrası və daha da genişləndirilməsi, sosial ödənişlərin davamlılığı təmin olunub. Əlavə olaraq, pandemiya dövründə sosial dəstək paketi icra edilib. Postmüharibə dövrü üzrə də geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.