Şəhid ailələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzlə yaxından tanış olmuşlar

0
139

Qəbələ Arxeoloji Mərkəzi və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə Mərkəzin akt zalında Şəhid ailələrinin üzvləri və yaxınlarının iştirakı ilə Qəhrəmanlıq səlnaməsi yazan igidlərimiz başlıqlı toplantı təşkil olunub.
Qəbələ Arxeoloji Mərkəzinə gələn qonaqları Mərkəzin girişində Qəbələ Dövlət Tarix-bədii Qoruğunun direktoru Zahir Kərimov və qoruğun kollektiv üzvləri qarşılamışlar.
Qonaqları salamlayan direktor diqqətə çatdırmışdır ki, “SEBA” təşkilatının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə ərsəyə gətirilən, Respublikada yeganə olan bu Mərkəzi 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyev Qəbələyə səfəri zamanı rəsmi açılışını etmişdir. Qeyd olunmuşdur ki, cənab Prezident Arxeoloji Mərkəzlə tanış olaraq belə bir müəssisənin yaradılmasını yüksək qiymətləndirmişdir. Arxeoloji mərkəzdə iki sərgi salonu (muzey), bərpa laboratoriyası, akt zalı, konfrans zalı, kitabxana, arxeoloji fond mövcuddur. Bildirilmişdir ki mərkəzdə beynəlxalq seminarlar, konfranslar və elmi işlərin araşdırılması istiqamətində toplantılar, məktəbli şagirdlərlə birgə tədbirlər keçirilir, əlamətdar günlər qeyd olunur.
Arxeoloji Mərkəzlə yaxından tanış olan qonaqlara Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun elmi işçisi 20 sentyabr 2023-cü il tarixdə aparılan antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuş mayor Xəyyam Səmədovun atası Mirazim Səmədov və müəssisənin ekskursiyaçısı Xəyyam Yusifov tərəfindən sərgi salonlarında nümayiş olunan arxeoloji materiallar barədə ətraflı məlumatlar verilmişdir.
Mərkəzlə tanış olan qonaqlar sərgi salonunda nümayiş olunan “Qəbələ Şəhidləri” adlı kitablara baxış keçirmişlər.
Daha sonra Qəbələ Arxeoloji Mərkəzinin akt zalında Qəhrəmanlıq səlnaməsi yazan igidlərimiz başlıqlı toplantı keçirilmişdir. İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Direktor tərəfindən qonaqlara məlumat verilmişdir ki, sərgi salonlarında nümayiş olunan “Qəbələ Şəhidləri” adlı kitablar 2021-ci ildə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, təşəbbüsü və maliyyə dəstəyi ilə ərsəyə gətirilmişdir. Birinci Qarabağ Müharibəsi, Atəşkəsin pozulması və Vətən Müharibəsi zamanı həyatını itirmiş Qəbələ rayonundan olan şəhidlərə həsr olunmuş “Qəbələ şəhidləri” adlı kitab Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur. Kitabda şəhidlərimiz haqqında ensiklopedik məlumatlar öz əksini tapmışdır. Toplantı çərçivəsində Şəhid ailələrinə qoruq əməkdaşları tərəfindən kitablar təqdim olunmuş, onlara nümayiş olunan “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filmi böyük maraqla izlənilmişdir.
Toplantı sonu Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri Təranə Alməmmədova tərəfindən qoruğun kollektiv üzvlərinə Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə fəxri fərman təqdim olunmuşdur.
Kollektiv üzvləri tərəfindən qonaqlara çay süfrəsi təşkil olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.
Qəbələ Arxeoloji Mərkəzlə və tarixi məkanlarla tanışlıq şərçivəsində Şəhid ailələrinin üzvləri və yaxınları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun digər arxeoloji hissələrindən olan “Antik şəhər” ərazisində konservasiya olan hissəyə də baxış keçirmişlər. Burada onlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı, maliyyə dəstəyi və AMEA tərəfindən yaradılmış Qəbələ Arxeoloji Ekspedisiyanın iştirakı ilə dövrü olaraq aparılmış arxeoloji qazıntılar və arxeoloqlar tərəfindən aşkar olunan zəngin tapıntılar haqqında ətraflı məlumatlar verilmişdir. Sonda qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu əməkdaşlarının müşaiyəti ilə tarixi məkana yaxın hissədə olan lavanda sahəsi ilə tanış olmuşlar. Şəhid ailələrinin üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək ərazidən ayrılmışlar.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri