Şəhid ailə üzvləri, qazi və müharibə iştirakçılarına hansı güzəştlər ediləcək? – AÇIQLAMA

0
386

Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Vergilər Məcəlləsinə” edilən dəyişikliklər Vətən Müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, qazilər və müharibə iştirakçıları üçün yeni vergi güzəştləri müəyyən edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanuna edilən dəyişikliklərin mahiyyəti barədə danışıb.

O bildirib ki, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir,  hazırda isə yardımın 1 000 manatdan çox olan hissəsi 14 faiz vergiyə cəlb edilir:

“Həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Hazırda isə yardımın 1000 manatdan çox olan hissəsi 14 faiz vergiyə cəlb edilir.

Bununla bərabər Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad edilir. Hazırda borcun silinən hissəsi 14 faiz vergiyə cəlb edilir.

Banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində şəhid olmuş şəxslərin, habelə Vətən müharibəsi nəticəsində şəhid ailəsi statusu almış şəxslərin 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilmir ki, hazırda banklar bu gəlirlərlərdən 20 faiz mənfəət vergisi ödəyirlər”.

Komitə sədrinin sözlərinə görə, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (Yaşat Fondu və s.) köçürülən hissəsi 8 il müddətinə vergidən azad edilir, hazırda bu məbləğ 20 faiz mənfəət vergisinə cəlb olunur.

Tahir Mirkişili qeyd edib ki, 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minəcək müvafiq dəyişikliklər bu kateqoriyadan olan vətəndaşlarımıza və onlara dəstək göstərən vətəndaşlarımıza dövlətin vergi güzəştləri formasında növbəti dəstəyi olacaq.