Səhərlər niyə çox yorğun oluruq? – Səbəbi və əlacı var

0
209

Son zamanlarda tez-tez eşidirik ki, insanlar səhər yuxudan durduqdan sonra da özlərini yorğun və əzgin hiss edirlər. Zamanla yorğunluq yığılır, nəticədə səhhətimiz pisləşir və həyat keyfiyyəti azalır. 

Naturopat və diyetoloq İrina Makarova Lenta.ru-ya bunun səbəbləri və problemin həll yollarından danışıb.

Səhər yuxudan sonra niyə özümüzü yorğun hiss edirik?

Şirniyyat

Qənnadı məmulatlarına olan məhəbbət insulində kəskin sıçrayışlara səbəb olur ki, bu da səhhətinizə mənfi təsir göstərir.

Zərərli yeməklər

Bir çox məhsulların istehsal prosesi zamanı xammal lazımsız emala məruz qalır. Buna ən sadə nümunə kimi ağ çörəyi misal çəkə bilərik. Ağ un ən qiymətli vitamin və mineralları ehtiva edən xarici qabığından təmizlənmiş taxıldan hazırlanır. Pəhrizinizdə bu yüksək dərəcədə təmizlənmiş qidalar üstünlük təşkil edirsə, zaman keçdikcə qida çatışmazlığı inkişaf etməyə başlayacaq.

Mədə-bağırsaq traktının problemləri

Mədə-bağırsaq traktının xəstəlikləri qidanın tam udulmasına imkan vermir. Nəticədə, insan özünü daim gücsüz hiss edir.

Ağır yeməklər

Bədən müəyyən qidaları emal etmək üçün çox enerji sərf edir, bu da sağlamlığın pisləşməsinə səbəb olur. Normal qidalanmağınıza və səhhətinizdə ciddi problemin olmamasına baxmayaraq, özünüzü hələ də yorğun və zəif hiss edirsinizsə, bunun başqa səbəbləri var. Bu vəziyyətdə Makarova psixosomatikaya diqqət yetirməyi məsləhət görür. Məsələn, daimi şübhələr və qorxular, dəqiq planlaşdırmanın olmaması və daimi təlaş, hamını məmnun etmək istəyi, özünü başqaları ilə daim müqayisə etmək insanın bütün gücünü alır.

Daimi yorğunluqdan xilas olmaq üçün üç tövsiyə:

Düzgün qidalanın

Şəkər, fəstfud, qazlı içkilər və digər lazımsız qidalar kimi boş, yüksək rəfinə edilmiş qidaların qəbulunu məhdudlaşdırın. Daha çox çiy tərəvəz, meyvə və göyərti yeyin.

Sağlamlığınızı yoxlayın

Müntəzəm müayinələrə laqeyd yanaşmayın: ciddi xəstəliklərin olub-olmadığını müəyyənləşdirmək üçün testlərdən keçin və mütəxəssislərlə məsləhətləşin. Unutmayın ki, mədə-bağırsaq traktının problemləri vitamin və mineral çatışmazlıqların yaranmasına səbəb olur.

Öz üzərinizdə işləyin 

Stress və xırda şeylərə görə narahatlıq sizi enerjidən məhrum edir. Özünə hörmətinizi artırın və mənfi emosiyalara səbəb olan vəziyyətlərdən qaçmağa çalışın. Xroniki yorğunluğun öhdəsindən gəlmək üçün stressdən uzaq olmağa çalışın və irəli addımlayın.