“Səhər” 20 Yanvar qırğını barədə yazan ilk qəzet idi…

0
221

1990-cı ilin müdhiş 20 Yanvar qırğını xalqımızın tarixində ən kədərli və hüznlü günlərdən biri kimi həmişə yaşayacaq. İllər, qərinələr ötüb-keçəcək, hər dəfə bu hadisələr yada düşəndə həmin hadisələri öz səhifələrində əks etdirən “Səhər” qəzeti də xatırlanacaq. Budur, düz bir qərinə ötüb keçəndən sonra həmin qəzetin səhifələrini bir daha vərəqləyəndə yenidən həmin günlər göz önünə gəlir. “Səhər” 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən böyük söz abidəsidir.

Bakı qan dənizində üzdüyü, küçələrdə şəhid olanların qan izlərinin hələ qurumadığı, avtomat güllələrinin və tank mərmilərin dəlik-deşik etdiyi binaların həmin qırğınlara şahidlik etdiyi günlərdə qəzetin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyaraq materiallar hazırlayıblar.

“Səhər”in mərhum redaktoru, Əməkdar jurnalist Məzahir Süleymanzadə xatırlayırdı: “Əslində yanvarın 22–də “Səhər”in materialları hazır idi. Amma qərara gəldik ki, qəzetin əsas materialı 20 Yanvarın günahsız qurbanlarının dəfnindən reportaj olmalıdır. 

Şəhidlərin dəfnindən reportajlar hazırlayan yaradıcı qrupa Vaqif Bəhmənli rəhbərlik edirdi. Redaktorluq vəzifəsini mən yerinə yetirirdim. Texniki işlərlə, qəzetin tərtibatı ilə Şakir Yaqubov məşğul idi. Ən çətin iş – “Səhər”in çapına hərbi senzorun razılığını almaq məsuliyyəti Rəfail Nağıyevin üzərinə düşmüşdü.

Çox böyük çətinlik və məhrumiyyətlər hesabına olsa da, qəzet çap edildi. O vaxt rabitə şöbələri də işləmirdi. “Günortaya yaxın iki milyon tirajla çap olunmuş “Səhər”in nüsxələri iri bağlamalar şəklində yük maşınlarına yükləndi. O vaxt qəzet paylamaq qəzet buraxmaqdan da çətin idi. Bu işi könüllü gənclər öz üzərinə götürmüşdü. “Səhər” dolu yük maşınları Fəxri xiyabana tərəf istiqamət götürdü. Bir azdan hamının əlində “Səhər” var idi”, – deyə mərhum redaktor xatırlayırdı. 

On bir nəfərin qələmindən çıxmış “Vətən bu gün ağı deyir…” reportajını indi də həyəcansız oxumaq mümkün deyil. “Səhər”in həmin nömrəsində 20 Yanvar şəhidlərinin və qanlı şənbə günü yaralananların siyahısı dərc edilib. Siyahıda 137 şəhidin, minə yaxın yaralının adı var idi. O zaman düşmən gülləsinə tuş gələnləri bəzən ekstremist, bəzən də başqa adlarla çağırırdılar. “Şəhid” ifadəsi ilk dəfə “Səhər” qəzetində işlənmişdi. 

Əbəs yerə deyil ki, 2000-ci il yanvarın 19–da Respublika Sarayında ümumxalq hüzn mərasimi keçirilərkən xalqımızın Ümummilli Lideri Heydər Əliyev mərasimdən sonra Məzahir Süleymanzadəyə: – Siz o faciəli günlərdə əsl jurnalistika qəhrəmanlığı göstərmisiniz, çox sağ olun! – demişdi. 

“Səhər” qırx gün şəhidlərimizə yas saxladı. Unudulmaz Məmməd Aslan “Ağla, qərənfil, ağla!” şeirini “Səhər” üçün yazmışdı. Əzizə Cəfərzadə ağılarını, bayatılarını “Səhər”ə göndərmişdi. Həmin günlərdə Bəxtiyar Vahabzadə, Fikrət Sadıq, Musa Yaqub, Sücaət, Xalidə Hasilova, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Vaqif Bəhmənlinin şəhid ruhuna həsr etdikləri şeir və publisistika nümunələri “Səhər”də dərc olunmuşdu. “Səhər”i oxuyandan sonra, qəzeti cırıb atmırdılar, hörmətlə, ehtiramla yadigar saxlayırdılar…

… İllər keçsə də, “Səhər”in ağ-qara səhifələri 1990-cı ilin 20 Yanvar gecəsi baş verənləri ilk dəfə mətbu söz vasitəsilə ictimaiyyətə çatdıran qəzet, ümumxalq faciəsini əks etdirən söz abidəsi kimi bu gün də xatırlanır və həmişə də xatırlanacaq…