“Siz qəzetlə milçəyi də öldürə bilərsiniz, siyasətçini də”. Yəqin köhnə jurnalistlər bu qanadlı frazanı yaxşı xatırlayarlar. İndi çap mediası dövrü deyil, amma medianın öldürücü gücü azalmayıb, əksinə artıb. Deyəsən, bizim KİV-lər hiss etmədən bir səfirin diplomatik fəaliyyətinin bitirilməsinə bəhanə yaradıblar.
İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvinin hicabsız azərbaycanlı jurnalistlə müsahibəsi İnqilab Keşikçilərinə yaxın “Tasnim “xəbər agentliyinin tənqidi reaksiyasına səbəb olub.
Abbas Musəvinin İran səfirliyinin daxilində, Azərbaycan Respublikası bayrağının yanında hicabsız qadın jurnalistlə müsahibəsi martın 15-də Baku TV də yayımlandıqdan dərhal sonra sərt tənqid olunmuşdu. Tənqidlərin çoxunda səfir ələ salınır, təhqir də edilirdi. Tənqidi mətnlərin başlığı belə idi-Səfircan, ayıb olsun, ayıb!” Amma rəsmi medianın reaksiyası məhz son iki gün açıqlandı.
“Tasnim” cümə axşamı “İran səfirinin Bakıdakı qəribə hərəkəti; İranın şərəfi üçün istefa” başlıqlı yazısında bu müsahibənin necə aparıldığını ciddi şəkildə tənqid edib. Agentlik yazıb: “Qadın reportyor bu müsahibədə hicabsız və daha da pisi, hicaba riayət etməyin qanuni tələb olmadığı ölkələrdə qadınların rəsmi geyimindən də açıq görünüşdə olub”.
“Tasnim” Abbas Musəvidən “bu pis səhvə” görə “yerini başqa adama verməsini” tələb edib. Bu tələbdən cəmi bir gün sonra İRNA, “Mehr” və “Tasnim” xəbər agentlikləri İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən, demək olar ki, eyni mətnlə yazıblar ki, Abbas Musəvinin İran İslam Respublikasının Bakıdakı səfiri kimi missiyası başa çatıb.
Bu, əslində gözlənilən hadisə idi. Hələ 2021-ci il oktyabrın əvvəllərində İran Ali Təhlükəsizlik Şurasındakı mənbələr mediaya Abbas Musəvinin dəyişdiriləcəyi haqda məlumat sızdırmışdı. Xatırladaq ki, Musəvi ilə qalmaqal ilk dəfə deyil ki, baş verir. Hələ II Qarabağ savaşı ərəfəsində onun İrandakı Azərbaycan vilayətlərinin din xadimləri ilə keçirdiyi görüşdə Azərbaycan Respublikasının dəstəklənməsinə çağırış etməsi haqda xəbərlər yayılır, bu, SEPAH-a və paniranist mühacirətə yaxın nəşrlərdə kəskin tənqid olunurdu.
İddia olunurdu ki, “Abbas Musəvinin etnik mənşəyinə görə Azərbaycana rəğbət bəsləməsi” Tehranda narazılıq yaradıb. Deyilirdi ki, səfirlə xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında ciddi ixtilaflar var, ona görə də öz missiyasını başa çatdırmadan geri çağırıla bilər. Guya A.Musəvi 2020-ci ildə Tehranın baş diplomatiya idarəsindəki nüfuz və əlaqələrindən istifadə edərək “İranın öz müttəfiqi Ermənistanın xeyrinə müdaxilə etmə” təşəbbüslərinin qarşısını alıbmış. Bu məqsədlə “İranın azəri vilayətlərindəki yüksək rütbəli din xadimləri ilə” Azərbaycanın dəstəklənməsi üçün görüşlər də keçiribmiş.
Mənşəcə azəri yox, mazandaranlı olan Musəvi əvvəllər İranın müxtəlif ölkələrdə diplomatik korpuslarda çalışıb, XİN-in mətbuat katibi olub. Səfirlik dövrü çoxsaylı gərginliklərlə yadda qaldı. Amma 2021-ci ildə yaşanmış gərginlik zamanı iki ölkə arasında anlaşılmazlıqların diplomatik yolla nizamlanmasına çalışıb. Ötən il noyabrında təkrarlanan növbəti gərginlik zamanı isə azərbaycanofob ekspert Salar Seyfəddini, daha sonra “Faraz Daily” nəşri “Musəvi İranın səfiridir, ya Əliyevin vəkili?“ başlıqlı yazı ilə çıxış etmiş, ondan daha sərt olmağı tələb etmişdilər.
Maraqlıdır ki, yeni səfirin kimliyi açıqlanmır. Ola bilsin ki, səfirin kimlyinin əvvəlcədən açıqlanmaması Azərbaycan mediasında yarana biləcək suallarla bağlıdır.
Bundan əvvəl gələcək səfirin Müctəba Dəmirçilu olacağı bildirilirdi. O, Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) səfir, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi olub. Beynəlxalq hüquq magistri və strateji idarəetmə üzrə doktordur. Beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş sovet respublikaları və idarəetmə mövzusunda fars və ingilis dillərində məqalələri dərc olunub.
Onun təyinatı haqda xəbərlərə ötən il aktiv anti-Azərbaycan fəaliyyət göstərən media fəalı Reza Abbasi belə reaksiya vermişdi: “Dəmirçilu İranın işğal altındakı Şimali Azərbaycan əyalətindəki qeyri-effektiv və passiv səfiri Seyid Abbas Musəvini əvəz edib”. İranşünas erməni Vardan Voskanyan da iddia edirdi ki, İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qərarını diplomatik missiya rəhbərlərinin diplomatik missiya müddətinin başa çatması ilə bağlı rotasiya deyil, konkret siyasi məqsədlər güdür. “İranobserver” isə iddia edir ki, Tehran bundan sonra Azərbaycanda İranın dəstəklədiyi qüvvələrə maliyyəni artıracaq.
Lakin gözlənilənlərin əksinə olaraq Ermənistanda səfir dəyişikliyi baş versə də, Musəvinn geri çağırılması ləngidildi.
Obyektivlik naminə qeyd etmək lazımdır, onun səfirliyi İran-Azərbaycan münasibətlərinin gərgin dövrünə təsadüf etsə də, o, mümkün qədər bu gərginliyin yumşaldılmasına töhfə verib. Məsələn, ötən ilin sonlarında İranın Ermənistandakı səfiri Mehdi Sübhani Dağlıq Qarabağla bağlı işlətdiyi və Azərbaycan tərəfindən tənqidlə qarşılanan fikirlərdən sonra Tehrana çağırılmışdı. Hüseyn Amir-Abdullahian “X” (Tvitter) sosial səhifəsində bu görüşlə bağlı yazmışdı: “İranın Azərbaycan Respublikası və Ermənistandakı səfirləri ilə görüşdə Cənubi Qafqaza diqqət və diplomatik sistemin xaricilərin müdaxiləsi olmadan bu regionda daimi sülh və sabitliyin bərqərar olmasına və İranın bu iki ölkə ilə əlaqələrinin inkişafına diqqət yetirilməsi İran İslam Respublikası hökumətinin qonşuluq siyasəti olduğu vurğulandı”. Bunun diplomatik dildən tərcüməsi o demək idi, İran indiki mərhələdə hər hansı uyğunsuz ifadələr üzündən Azərbaycanla münasibətlərin korlanmasını, “dünyanın tranzit və ticarət mərkəzinə çevrilən Qafqaz”da oyundankənar qalmaq istəmir.
Musəvi bundan sonra İranın Azərbaycan vilayətlərində yenidən görüşlər keçirmişdi. Ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətində keçirdiyi görüşlərdə deyib ki, “bu gün biz yeni Qafqazla üz-üzəyik və biz Cənubi Qafqazı dəyişdirəcək bu yeni mühitdə fəal rol oynamağa çalışmalıyıq. Qafqaz dünyanın tranzit və ticarət mərkəzinə çevrilir”. Səfir xüsusən İranın şimal –türk-azəri vilayətlərinin prosesdə yaxından iştirak etməsinə fəallıq göstərir, vilayətləri Cənubi Qafqazla, daha çox isə Azərbaycan Respublikası ilə əməkdaşlığa təşviq etməyə çalışırdı.
Yazının əvvəlində müsahibənin Musəvini geri çağırmaq üçün bəhanə olaraq istifadə edildiyini yazmışıq. Yazı boyu niyə səbəb yox, bəhanə olduğunu izah etməyə çalışdıq. Əlavə olaraq qeyd edək ki, bu cür bəhanələr istənilə siyasətçinin, diplomatın fəaliyyətində yetərincə olur. O cümlədən İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Azərbaycan əleyhinə işlətdiyi yanlış ifadələr də səbəb sayıla bilərdi. Və ya Rəisinin prezident seçildikdən dərhal sonra bəzən dini liderdən önə çıxmağa çalışması da sonuncunun dəftərxanası tərəfindən dəfələrlə tənqid olunub. Amma istefalar üçün səbəb sayılmayıb. Məsləhət olmayıb…
P.S. Məqalə İran KİV-lərinin materialları və müəllifin mövzu ilə bağlı əvvəlki yazılarına istinadən hazırlanıb.