Səfirdən erməni alimə tutarlı cavab: “Ermənistan torpaqlarımızda tarixi abidələri məhv edib”

0
180

“Bizim təklifimiz odur ki, Ermənistanla sülh olsun. Hərçənd ki, Ermənistan tarix boyu azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, Xocalı soyqırımını törədiblər”.  

Bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov keçirdiyi mətbuat konfransında deyib. 

Bildirək ki, səfirin İsveçrədə keçirdiyi mətbuat konfransının iştirakçılarından olan erməni alimlərdən biri Azərbaycanın multikultural modelinin olmadığını dilə gətirib. 

O bildirib ki, guya Azərbaycanda ermənilərin hüquqları pozulub və Azərbaycan Qarabağdakı erməni irsini məhv edib. 

Səfir isə cavabında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini xatırladıb və Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini deyib. 

“Siz burada deyirsiniz ki, guya erməni irsi məhv edilir. Halbuki Ermənistan işğal müddətində Azərbaycan torpaqlarında mədəni irsi, tarixi abidələri məhv edib. Siz Bakıda erməni kilsəsini görə bilərsiniz, biz multikultural ənənəyə sahib ölkəyik”, – deyə səfir əlavə edib. 

Səfir Ermənistanı konstruktiv mövqeyə dəvət edib. Bildirib ki, Azərbaycan gələcəyə baxmaq üçün İrəvana sülh təklif edir.