“SƏDƏRƏK YUSİF” XİNALIQLILARDAN NƏ İSTƏYİR? – ŞİKAYƏT

0
1555
“Biz ümid edirik ki, cənab prezident İlham Əliyev səsimizə səs verəcək”

“Cənnət bağı” Şirkətlər Qrupunun rəhbəri Yusif Qədimbəyli uzun müddətdir istifadə etdiyimiz yay və qış otlaq sahəsini qeyri-qanuni zəbt edərək torpağın təyinatını və strukturunu pozmaqla orada istirahət evləri tikib və tikməkdə də davam edir”.

Bunu İctmai Nəzarət Koalisiyasına şikayət ərizəsi ilə müraciət edən Quba rayonunun Xınalıq kənd sakini Xəlilov Sənan Sultanağa oğlu bildirib.

S.Xəlilov müraciətində qeyd edib ki, Quba rayonunun Xınalıq kəndi ərazisində yerləşən yay və qış otlaq sahələri 21 noyabr 2000-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mehman İbrahimovun 389 №-li sərəncamı ilə mərhum atası Sultanağa Xəlilovla Quba RİH başçısı arasında bağlanmış icarə müqaviləsi əsasında 15 il müddətinə “Kiçik Alxas”, “Böyük Alxas”, “Nurməmməd” və digər yay otlaq sahələrindən 885 ha otlaq sahəsi ailələrinin istifadəsində olub, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9585 saylı, kod 30300001 №-li 10 fevral 2006-cı il tarixdə şəhadətnamə verilib.

Sənan Xəlilov müraciətində daha sonra yazır: “Atam Xəlilov Sultanağa Sərkər oğlu 2009-cu ildə vəfat etdikdən sonra mənimlə bağlanmış icra müqaviləsi əsasında həmin torpaq sahəsindən hal-hazırda da istifadə edirəm.

Sözügedən icarə müqaviləsi AR “Torpaq icarəsi haqqında” Qanunun, “Yay və qış otlaqlarının bölünməsi və istifadə qaydaları haqqında” AR Nazirlər Kabinetinin 146 saylı 17 oktyabr 1996-cı il tarixli qərarının tələblərinə müvafiq olaraq bağlanıb. Həmin icra müqaviləsi 1 oktyabr 2000-ci ildən qanuni qüvvəyə minməklə, 2004-cü ilədək bağlanmışdır. İcra müqaviləsinə əsasən, iribuynuzlu malqaranın saxlanılması üçün 635/700 hektar sahə verilmiş, icarəçinin hüquq və vəzifələri müəyyən edilmişdir.

Qeyd etdiyim kimi, atam Sultanağa Xəlilov torpaq islahatlarına qədər Quba rayonunun tərkibində olan yay və qış otlaq sahəsindən 1969-cu ildən istifadə edib. 1998-ci ildə sovxoz və kolxoz islahatından sonra həmin otlaq ərazisindən mən və mənimlə birgə Xınalıq kənd sakinləri istifadə edirik. 2000-ci ildə Quba RİH-lə 15 illik müqavilə bağlamışıq. 2014-cü ildən həmin torpaq Qusar rayonuna verildi və həmin ilin noyabrında yenidən Qusar RİH-lə uzunmüddətli müqavilə bağladıq. Mən ali təhsilli zootexnik olaraq atamın yolunu davam etdirmək istəyirəm. Mən və ətrafımda olan ailələr həmin torpaqdan təyinatı üzrə istifadə edərək heyvandarlığı inkişaf etdiririk. Lakin bu yolda mənə və digərlərinə maneçilik törədilir.

Belə ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevin Qusar Rayon İcra Hakimiyyətinə və surəti mənə ünvanladığı 21 noyabr 2017-ci il tarixli 170820202988 saylı məktubunda bildirilir ki, Qusar rayonunun inzibati ərazisinə aid 33, 34, 35 nömrəli yay otlaqlarından əvvəllər Quba, sonradan isə Qusar RİH başçısının sərəncamları ilə 15 il müddətinə icarəyə verilmiş 885 ha torpaq sahəsinin 500 hektarının istifadəsinə Bakı şəhər sakini Yusif Qədimbəyli tərəfindən imkan verilmədiyi və ərazidə qanunsuz ovçu evinin və digər tikililərin inşa edildiyi barədə Quba rayonunun Xınalıq kənd sakini Xəlilov Sənan Sultanağa oğlunun 14 noyabr 2017-ci il tarixli müraciətinə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır.

Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilmiş 885 ha yay otlaq sahəsi AR Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 156 nömrəli qərarına uyğun olaraq Qusar rayonunun idarəçiliyinə qaytarıldığına görə Qusar RİH başçısının 20 noyabr 2014-cü il tarixli 69 saylı sərəncamı və mənimlə bağlanmış icarə müqaviləsi ilə 15 il müddətinə Quba rayonunun Xınalıq kənd sakini Xəlilov Sənan Sultanağa oğlunun icarəsində saxlanılmışdır.

Həmin məktubda mənim icarəmdə olan yay otlaq sahəsinin bir hissəsi daxil olmaqla Quba RİH başçısı Ərzuman Əliyevin 30 iyun 2006-cı il tarixli 197 saylı sərəncamı ilə AR Torpaq Məcəlləsinin 12, 13, 16, 73 və 75-ci maddələrinin tələblərinə zidd olaraq 500 ha torpaq sahəsinin “Cənnət bağı” Şirkətlər Qrupuna ayrılmasına və ovçu evlərinin tikintisinə icazə verib. RİH-nin səlahiyyətli nümayəndəsi Şahvar Əzizov və Qusar rayon Baytarlıq İdarəsinin rəhbəri 3 iyun 2017-ci ildə məndən xəbərsiz yaylağa gələrək çobanlara hədə-qorxu gəlmiş, mənə məxsus təsərrüfatda sayım aparmış və torpaq bölgüsü etmişdir. Bu, sahibkarın qanunla qorunan hüquqlarının tapdanması deməkdir. “Cənnət bağı” Şirkətlər Qrupunun Quba-Qusar rayonları ərazisində müxtəlif yerlərdə yay otlaq sahələri var. Biz xınalıqlıların tək dolanacaq yeri olan yay otlaq sahələrinin əlimizdən alınması neçə ailənin dolanacaq yeri olmaması deməkdir.

Halbuki Quba RİH başçısının 21 noyabr 2000-ci il tarixli 398 saylı sərəncamının qüvvədə olduğu dövrdə Quba Rayon İcra Hakimiyyəti başçısının 30 iyun 2006-cı il tarixli 197 saylı saxta sərəncamı böyük mübahisələrə gətirib çıxardı, Yusif Qədimbəyli maddi imkanlarının hədsiz geniş olmasından istifadə edərək məhkəmə ilə saxtakarlığını ört-basdır etməyə çalışmışdır.

Bizim ümidimiz yalnız cənab Prezidentədir. Son vaxtlar onun vətəndaşlarla birbaşa təması, “hər bir vətəndaşın prezidentiyəm” sözünün əmələ çevrildiyinin açıq müstəviyə keçməsi onu göstərir ki, cənab prezident də məmurların yarıtmazlığından xəbərdardır. Biz ümid edirik ki, cənab prezident İlham Əliyev səsimizə səs verəcək. Çünki artıq bir dəfə o, bizim narazılığımızı dinləyib və reaksiya verib. 2006-cı ildə Xınalığa yol açılışına gələndə atam Xəlilov Sultanağa Sərkər oğlu ona durumu bildirmişdi. O isə cavabında demişdi ki, torpaq kəndliyə məxsusdur, heç kimin ixtiyarı yoxdur onu sizdən almağa. Ondan sonra bir müddət bizə dəyib-dolaşmasalar da, sonradan yenə problemlər yarandı və yuxarıda qeyd etdiyim vəziyyət ortaya çıxdı.

Sual olunur: Yusif Qədimbəyli bizim ata-baba torpaqlarımızı niyə əlimizdən almağa çalışır? Onu nə vadar edir ki, Quba rayonunda torpağı, suyu, digər əraziləri zəbt etməklə biz qubalıları öz ata-baba yurdumuzdan didərgin salmaq istəyir?

Ancaq buna baxmayraq, biz əminəm ki, cənab prezident vəziyyətdən xəbəri olsa, reaksiya verəcək. Ona görə də möhtərəm prezidentimiz cənab İlham Əliyevdən xahiş edirəm ki, “Cənnət bağı” Şirkətlər Qrupunun rəhbəri, “Sədərək Yusif” adı ilə tanınan “Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin qanunsuz hərəktlərinə son qoyulması üçün barəsində müvafiq tədbirlər görülsün”.

S.Xəlilovun şikayətini dinləyən İNK sədri Rasim Məmmədov onun pozulmuş hüquqlarının bərpa olunmasına, problemin tezliklə həllinə köməklik göstərəcəyini bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələ ilə bağlı qarşı tərəfi lə dinləməyə hazırıq.