Sədərək Ticarət Mərkəzində dəhşətli hadisə: Ölən və yaralanan var

0
361

Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan daxil olan məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.