Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərləri ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO

0
856

“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”

Bu fikirləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuatda fəaliyyətini dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib:

“Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk”.

15:28

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurduğu haqqında məlumat yayılıb.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin əməkdaşı Sevinc Şənər Unikal.org-a açıqlamasında bu məlumatın tamamilə yanlış olduğunu bildirib:

“Ombudsman fəaliyyətini dondurmayıb. Hətta pandemiya dövründə də onlayn tədbirlərimiz olub.

Ombudsman xaric ölkələrdə Dağlıq Qarabağla bağlı mitinqlərdə də iştirak edib. Tədbirlərimizin keçirilməsi onlayn şəkildə davam edir”.

14:55

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətini dondurub.

Avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq səkkiz gündür ki, heç bir məlumat yoxdur.

Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olub.

Beləliklə, bir həftədən çoxdur ki, müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Baxmayaraq ki, R.Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı məlumatların yayıldığı günədək, demək olar ki, S.Əliyevanın keçirdiyi görüşlər, tədbirlər, qəbullar və bütövlükdə təşkilatın fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

Həmçinin, avqustun 20-dək Ombudsmanın Regional mərkəzləri də, demək olar ki, hər gün müxtəlif mövzuda onlayn görüşlər keçirib. Amma görünən odur ki, hazırda Ombudsmanın və onun regional nümayəndələri fəaliyyətini dondurub.

Böyük ehtimalla, hazırda Ombudsmanın şəxsən özünün və Milli Preventiv Qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr dayandırılıb, yaxud baş çəkmələr həyata keçirilsə də, bu barədə ictimaiyyətə məlumat verilmir.

Mətbuat nümayəndələri dəfələrlə S.Əliyeva ilə əlaqə saxlamağa çalışsalar da, onun telefon zənglərinə cavab vermədiyi və yaxud da həmin nömrələri “blok” siyahısına əlavə etdiyi müşahidə olunub.

Bununla da, karantin qaydalarını kobud şəkildə pozan Müvəkkil özünü ictimaiyyətdən tam təcrid edib.

Maraqlıdır ki, Müvəkkil sosial mediada və mətbuatda onun haqqında yayılan tənqidlərə heç bir münasibət bildirməyib.