Rüstəm Orucov Avropa çempionatında bürünc medalla kifayətləndi

0
386

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub.

Belədə Rüstəm təsəlliverici yarışda bürünc medal üçün yarışıb. O burada Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə (bunlardan biri komanda yarışıdır) Avropa çempionatının bürünc medalını qazanıb.

Bu gün yarışan iki idmançımız – Telman Vəliyev (-73 kq) və Murad Fətiyev (-81 kq) isə medal qazana bilməyib.

Xatırladaq ki, dünən Orxan Səfərov 66 kq çəki dərəcəsində Avropa çempionu olub.