Rusiyanın tanınmış siyasətçiləri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik ediblər – VİDEO

0
472

Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30 ili tamam olur.

Rusiyanın tanınmış siyasətçiləri Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova: “Azərbaycan xalqını, özünü Azərbaycana və Azərbaycan xalqına aid edən hər kəsi qarşıdan gələn bayram münasibətilə, həmçinin Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, ən mühüm nemət olan sülh arzulayıram. Sülh olarsa rifah da, sabitlik də, yaradıcılıq da olacaq. Bu halda məşğuliyyət, sevmək və sevilmək, ailə qurmaq, soyu davam etmək imkanı da olacaq. Yəni ən əsas məsələ sülhdür”.

Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, professor Yefin Pivovar: “Hesab edirəm ki, bu, Ana Vətənini, mədəniyyətinin köklərini, əcdadlarının haradan olduğunu xatırlayanlar, vətənin çiçəklənməsini arzulayan və istəyənlər üçün, əlbəttə, çox vacib bayramdır.

Azərbaycanın həqiqətən çiçəklənməsini, həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsini, etibarlı müttəfiqlərinin və tərəfdaşlarının olmasını, faciəvi olaylardan yaranmış problemlərinin həllini tapmasını, gələcəkdə tam sülh şəraitində daha da çiçəklənməsini arzulayıram”.

Dövlət Dumasının deputatı Lyubov Duxanina: “Azərbaycanın dahi liderinin təsis etdiyi çox vacib bayram günündə dost ölkənin bütün vətəndaşlarına sabahkı günə inam, ailə xoşbəxtliyi, ailədə inkişaf və bütövlükdə Azərbaycanın böyük inkişafını arzulayıram”.

TASS İnformasiya Agentliyinin baş redaktorunun I müavini Mixail Qusman: “Bu, qəlbən kökləri ilə Azərbaycanla bağlı olanlar üçün xoş gündür. Nostalji, çox xoş hisslər yaradan gündür. Çünki Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız damarlarında azarbaycanlı qanı axanların yox, həm də Azərbaycana görə narahat olan, Azərbaycanı dəstəkləyən, Azərbaycan barədə düşünənlərin bayramıdır. Bilirəm ki, həmin gün dünyanın çox sayda ölkəsində Azərbaycanda yaşamış, anadan olmuş, dostları olan, Azərbaycanla əlaqələri olan insanlar üçün də bayramdır. İsrail, ABŞ, Almaniya, Avstraliya, Ukraynadan olan azərbaycanlı dostlarım zəng edərək məni təbrik edirlər. Bu, ilk növbədə, onu göstərir ki, vətənimiz Azərbaycan hər zaman qəlblərdə qalan yerdir”.

Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Elenora Mitrofanova: “Hörmətli xanımlar və bəylər, Azərbaycan xalqının Həmrəyliyi Günü münasibətilə hamınızı “Rossotrudniçestva” adından, öz adımdan ürəkdən təbrik edirəm. Bu, çox vacib gündür. Çünki azərbaycanlılar dünyanın hər yerində yaşayırlar. Rusiya Federasiyasında da çox sayda azərbaycanlı var. Bunlar çox hörmətli insanlardır. Rusiyadakı Azərbaycan diasporu ilə çox sıx əməkdaşlıq edir, eyni zamanda Azərbaycandakı həmkarlarmızla, tərəfdaşlarımızla çox maraqlı işlər görürük. Sizi Həmrəylik Günü və qarşıdan gələn Yeni İl bayramı münasibətilə ürəkdən təbrik edirəm”.

Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri Leonid Slutski: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – dekabrın 31-də tarixə nəzər salmaq yerinə düşəcək. Bakıda hər dəfə olarkən Şəhidlər xiyabanını, habelə Fəxri xiyabanda uyuyan bugünkü Azərbaycan dövlətinin banisi, böyük insan Heydər Əliyevin məzarını ziyarət edirəm. Əlbəttə, tarixi unutmamalı, köklərimizdən qopmamalı, tarixin dərslərindən ibrət almalıyıq ki, qanlı millətlərarası toqquşmalar, ixtilaflar bir daha təkrarlanmasın. Biz daha müdrik olmalı, bir-birimizə yaxınlaşmalıyıq. Bu gün Rusiya ilə Azərbaycan üçün belə arzuları heç dilə gətirməyə ehtiyac yoxdur, onsuz da aramızda ən gözəl münasibətlər var. Lakin Həmrəylik Günü kimi tarixi günlərdə ilk növbədə tarixi yada salmalıyıq. O zaman dinc, əmin-amanlıq içində gözəl gələcəyə doğru gedərik. Şübhəsiz ki, bu gün dünyanın ən gözəl şəhərləri arasında yer alan Bakıya gələndə bundan başqa ehtimalların təsəvvürə gəlməsi mümkün deyil”.