Rusiyanın ermənipərəst dairələrinin təhrikçi fəaliyyəti ikitərəfli münasibətlərə xələl vura bilməyəcək

0
395

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər mehriban qonşuluq, suveren bərabərlik, bir-birinin mənafelərinə həqiqi hörmət prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçıları – Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında etimada əsaslanan əlaqələr də məhz bu cür möhkəm təməl üzərində inkişaf edir.Azərbaycan dövləti Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna əhəmiyyət verir.

Ölkələrimiz arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli münasibətlərin çoxvektorlu xarakterini müəyyən edir və praktiki olaraq bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına imkan verir.

Humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bu gün Azərbaycan postsovet məkanında rus dilinin və rus diasporunun vəziyyəti baxımından ən yaxşı nümunələrdən biridir. İki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə obyektiv şərait yaradır.

Azərbaycan dövləti Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş səylərini yüksək qiymətləndirir. Lakin təəssüf ki, erməni tərəfin humanitar atəşkəs haqqında razılaşmanın pozulmasına yönəlmiş fasiləsiz provokasiyaları ATƏT-in Minsk qrupunun həmsədrlərinin, o cümlədən, Rusiyanın bütün səylərini heçə endirir.

Rusiyanın ermənipərəst dairələri hər vasitə ilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini təhrif etməyə və Azərbaycanın müsbət obrazını hörmətdən salmağa çalışır və təbii ki, onların bu pozucu fəaliyyəti narahatlıq doğurur.

Rusiyada erməni diasporunun təsiri altında olan bəzi kütləvi informasiya vasitələri, politoloqlar və ekspertlər hazırda bu sahədə yaranmış vəziyyətə görə bütün təqsiri Azərbaycan tərəfin üzərinə yıxmağa çalışırlar. Jurnalist Vladimir Solovyovun provokosion verilişləri buna əyani sübutdur.

Hərbi əməliyyatlarda Türkiyənin və suriyalı silahlıların iştirak etməsi barədə erməni tərəfin uydurduğu əsassız və yalan fikirlərin ictimai rəyə qəbul etdirmək üçün aqressiv cəhdlər, rəsmi Moskvanın bu münaqişənin nizamlanması barədə mövqeyinin mahiyyətinin təhrif olunması və özünəməxsus şəkildə interpletasiya edilməsi, Rusiyanın bu münaqişəyə hərbi müdaxiləsi mövzusunun qızışdırılması qeyri-obyektivlik və araqızışdırma təzahürləridir.

Lakin biz şübhə etmirik ki, Azərbaycana münasibətdə düşmənçilik xarakteri daşıyan, erməni diasporunun rəvac verdiyi belə təzahürlər Rusiya ictimaiyyəti tərəfindən dəstəklənməyəcək və xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq münasibətlərinə təsir göstərə bilməyəcək.

Ermənistanın növbəti təxribatı ilə əlaqədar Azərbaycanın Rus İcmasının bəyanatı buna əyani sübut və Solovyov kimilərə layiqli cavabdır. Həmin bəyanatda, o cümlədən deyilir: “Ölkənin etnik rus vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyir.

Biz ordumuzun, igid hərbi qulluqçularımızın nümayiş etdirdiyi dözüm və rəşadətə görə onlara təşəkkür edirik! Vəziyyətdən asılı olmayaraq, Azərbaycanın rus əhalisi 90-cı illərin əvvəllərində olduğu kimi daim Azərbaycan xalqı ilə, qardaşlarımızla çiyin-çiyinə dayanmağa və Azərbaycan sərhədlərinin möhkəmlənməsi hüququnu qoruyaraq Vətənimizi sonadək müdafiə etməyə hazırdır!”