Rusiyanın daxilində gedən müharibə: Ukraynadan qayıdan döyüşçülər rusları qırır

0
77

Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edərək vətənə qayıdan Rusiya hərbçiləri artıq iki yüzdən çox həmvətənini öldürüb və şikəst ediblər.

Bu barədə “Verstka” nəşri açıq məlumatlara əsasən hesablama aparıb.

KİV-in məlumatına görə, müharibə başlayandan bəri geri qayıdan əsgərlər insan tələfatı ilə nəticələnən ən azı 84 cinayət, o cümlədən qəsdən adam öldürmə və ölümlə nəticələnən ağır bədən xəsarətləri yetiriblər. Bu hərəkətlər nəticəsində 107 rus ölüb, yüzdən çoxu isə ağır yaralanıb.

Söhbət yalnız hüquq-mühafizə orqanları tərəfindən rəsmi qeydə alınan, 176 hərbçinin təqsirləndirildiyi, onlardan 91-inin əfv olunduğu cinayətlərdən gedir.

Qeyd olunur ki, dərc edilmiş 134 məhkəmə hökmündən üç işdən ikisində müharibədə iştirak yüngülləşdirici hal kimi nəzərə alınıb.

Cümə axşamı Ukraynanın Xerson vilayətinin işğal olunmuş ərazisində Podo-Kalinovka və Abrikosovka kəndlərində 4 nəfəri qətlə yetirdiklərini etiraf edən iki rusiyalı hərbçi Aleksandr Osipov və Aleksandr Kayqorodtsev saxlanılıb. “Kommersant” yazır ki, saxlanılan şəxslər 144-cü motoatıcı briqadada xidmət ediblər və cinayəti sərxoş vəziyyətdə törədiblər.

O da bildirilir ki, Kayqorodtsev əvvəllər adam öldürmə və narkotik alverinə görə məhkum olunub.