Rusiyadan qazı kəsilən Avropaya Türkiyədən təklif

0
16

“Rusiya qazının Ukrayna üzərindən tranziti dayandırıldıqdan sonra Türkiyə Avropa üçün təhlükəsiz alternativ ola bilər”.

Bu barədə “Hürriyet” qəzetində dərc edilmiş materialda bildirilir.

Qeyd edilir ki, eyni zamanda, Ankara müxtəlif ölkələrə mavi yanacaq ixrac edə bilər.

Xatırladaq ki, daha əvvəl “Qazprom” Ukraynanın “Naftoqaz” QSC ilə müqavilənin müddəti başa çatdığına görə Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü imkanının qalmadığını bəyan etmişdi. Yanvarın 1-dən Rusiya qazının tədarükü həyata keçirilmir.

“Hürriyet”in yazdığına görə, Rusiya ilə Ukrayna arasındakı vəziyyət Ankaranın yaxşı alternativ kimi mövqeyini daha da gücləndirəcək. Təhlükəsiz qaz nəqli marşrutu kimi Türkiyə əhəmiyyətli yer tutur. Bu, onun əlverişli coğrafi mövqeyi və qaz infrastrukturunun olması ilə bağlıdır. Türkiyə Qara dənizdə öz qazını istehsal edir, ölkə ərazisindən isə boru kəmərləri və üzən strukturlar keçir.

Türkiyə, materialda qeyd edildiyi kimi, Avropa bazarlarına daha çox qaz ixrac etmək potensialına da malikdir. Üstəlik, müxtəlif ölkələrdən qaz satışı mümkün olacaq.

Türkiyə təbii qazı Rusiyadan “Mavi axın” və “Türk axını” qaz kəmərləri ilə, Azərbaycandan TANAP qaz kəməri ilə, həmçinin İrandan alır. Ankara Bolqarıstan, Macarıstan, Makedoniya, Moldova və Rumıniyanı mavi yanacaq tədarük edir.