Hakimiyyət Stalin dövründəki kimi hərəkət edir.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Xabarovsk vilayətinin onun partiyasından olan qubernatorunun həbsini şərh edərkən deyib.
“Siz bizdən konstitusiya istədiniz, biz verdik. Siz isə bizə qandal göstərdiniz. Vicdansızlar, ali kabinetlərdə əyləşib, Stalin kimi hərəkət etməyə başlayırsınız. Bortnikov Beriya deyil. Əgər biz meydanlara çıxsaq, heç bir Milli Qvardiya sizə kömək etməyəcək və ordu bizim tərəfimizdə olacaq”, – deyə o bildirib.
Jirinovski partiyanın bütün deputatlarının Furqalanın həbsinə etiraz olaraq öz səlahiyyətlərindən imtina edə biləcəklərini də qeyd edib.
“Liberal Demokrat Partiyası fraksiyası səlahiyyətlərini təhvil verib, buradan gedəcək. Qoy bütün dünya ölkədə hansı özbaşınalığın baş verdiyini bilsin”, – deyə o vurğulayıb.
Jirinovski, həmçinin Furqalanın partiyadan qovulmasına da qarşı çıxıb.
Qeyd edək ki, Furqala biznesmen Aleksandr Smolkinin ölümünə görə həbs edilib. Onun bu qətli 2000-ci illərin əvvəllərində törətdiyi vurğulanıb.