Rusiyada araq bahalaşır: Azərbaycan bazarına təsiri necə olacaq?

0
51

Rusiyada arağın qiyməti artacaq.

“Rosspirtprom” Açıq Səhmdar Cəmiyyəti (ASC) cari yay mövsümündə üçüncü qiymət artımının anonsunu verərək sentyabr ayı üçün artımın 9, payıza qədər isə 25% təşkil edəcəyini açıqlayıb.

Maraqlıdır, Rusiyada arağın qiymətinin artması Azərbaycan bazarına necə təsir edəcək? Qiymətlərə təsir edə biləcəkmi?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Xalid Kazımlı Rusiyada arağın qiymətinin artmasının Azərbaycan bazarına birbaşa təsir göstərəcəyini diqqətə çatdırıb:

“Çünki bizim bazarda Rusiyadan gələn idxalın payı əhəmiyyətlidir. Yəni Rusiya, Ukrayna, Belarus araqları, həmçinin Qərbi Avropadan idxal edilən spirt və araq bazarda kifayət qədər paya malik olduğu üçün qiymətlərə də təsir edəcək gücdədir.

Bir məsələni qeyd edim ki, idxal bahalaşanda təkcə idxal məhsullarının bahalaşacağını düşünmək olmaz. Bu, yerli məhsulların qiymətinə də təsir edir. Yerli məhsullarla rəqabət olduğuna görə, baxıb görəcəklər ki, bahalı satmaq mümkündü. Təbii ki, yerli sahibkarlar da qiyməti artıracaqlar.

Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, spirtə aksiz rüsumu yenidən artırıldı. Bu baxımdan da ölkədə arağın qiyməti artıb və artmağa da davam edəcək.

Rusiyada baş verən proseslər də həm idxal olunan məhsulların qiymətlərinin artımına səbəb olacaq, həm də elə bizim yerli məhsulların bahalaşmasına gətirib çıxaracaq. Çünki, Azərbaycanın hansısa brendi öz qiymətini müəyyənləşdirəndə, təkcə öz istehsal xərcini fikirləşmir, fikirləşir ki, mənim məhsulum hansısa Rusiya məhsulundan, deyək ki, üç manat ucuz olsun. Rusiya məhsulunun qiyməti artanda, o da qiyməti qaldırmaq imkanına malik olur”, – deyə iqtisadçı bildirib.