Böyük Britaniya Rusiya və Çinə qarşı yeni məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Bu haqda “The Sunday Times” qəzeti bildirib.
Məlumata görə, nazirlər Lordlar Palatasının iş qaydalarına dəyişikliklər etmək niyyətindədir. Güman edilir ki, parlament üzvləri Rusiya və Çinlə bağlı öz aktivləri haqqında hesabat verməli olacaqlar.
Bundan başqa, hökumət casusluq haqqında qanunu qəbul etməyə hazırlaşır. Qanun xarici kəşfiyyatçıları aşkar etməyə və onları ölkədən çıxartmağa imkan verəcək. Qəzetin məlumatına görə, hazırda Britaniyada “soyuq müharibə” illərindən daha çox casus işləyir.
Londonda həmçinin Çinin “Huawei” şirkətinin işini yoxlamağı planlaşdırırlar. Əgər şirkətin əməkdaşlarının kəşfiyyatla bağlı olduğu müəyyən edilərsə, onlar ölkədən çıxarılacaq. Nəşrin mənbələri bildirib ki, müvafiq planlar Kraliçanın növbəti nitqi zamanı səsləndiriləcək.
Təhlükəsizliklər məsələləri üzrə nazir Ben Uolles hesab edir ki, təklif edilmiş ölçülər siyasi sistemin şəffaflığını təmin edəcək və hibrid hücumlardan Britaniyanın müdafiəsinə imkan yaradacaq. Onun sözlərinə görə, casusluq haqqında qanun layihəsi üzərində iş Solsberidə baş verən hadisədən sonra başlanıb.
Xatırladaq ki, Sergey Skripal və qızı Yuliya ötən ilin mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.