Rusiya-Ukrayna müharibəsi sərhədlərimizə çatdı – Əhali təxliyə edilir

0
53

Rusiya-Ukrayna müharibəsi Qafqaza – Azərbaycan sərhədlərinə doğru yaxınlaşır.

Dünən gecə saatlarda Adıgey Respublikasının Maykop şəhərinin ətraf bölgələri Ukrayna dronlarının hücumuna məruz qalıb.

Adıgey Respublikasının rəhbəri Murat Kumpilov bildirib ki, Maykop şəhəri PUA-larla hücuma məruz qalıb.

“Ölən və yaralanan yoxdur. Xüsusi xidmət orqanları və xilasedicilər hadisə yerindədir. Fövqəladə Hallar Nazirliyi yanğının söndürülməsini həyata keçirib”, – o bildirib.

Kumpilov qeyd edib ki, Rodnikovovo kəndinin sakinlərinin mütəşəkkil təxliyəsi aparılır: “Təxliyə edilənlər Xanskaya kəndində müvəqqəti yaşayış məntəqəsi ilə təmin olunacaqlar”.

Rodnikovovo kəndi hərbi aerodromun yanında yerləşdiyi üçün hücum riski ilə üz-üzədir. Kəndin təxliyə edilməsi növbəti hücumların da ola biləcəyindən xəbər verir. Əhalinin köçürüldüyü Xanskaya kəndi də əsas hədəflərdən biridir. Çünki “Xanskaya” hərbi aerodromu kəndin 3 kilometrliyində yerləşir. “Astra” telegram kanalı dünə gecə “Xanskaya” aerodromunun yaxınlığında güclü partlayışın olduğunu yazıb.

Şimali Qafqaz bölgəsinə daxil olan Adıgey Qara dənizə yaxın ərazidə yerləşir. Ukrayna ordusunun bura çatması o qədər də təəccüblü deyil. Hərçənd, Adıgeye hücum müharibənin Şimali Qafqaz bölgəsinə sıçramasına səbəb ola bilər ki, bu da Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz bölgəsinə risklər yaradır.