Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının fəaliyyətindəki nöqsanlar nə saymaqla bitən, nə də yazmaqla düzələndir. Hər halda tarix baxımından olduqca qısa dövrdə sözügedən kontingent bu cür “etimad” sahibi ola bilib.
Xidmətə başladıqları andan sülhməramlı adından daha çox, ermənilərin qulluğunda dayanmaq vəzifəsini prioritetə çevirən kontingentin fəaliyyətində son zamanlar müsbət bir məqam ortaya çıxmışdı. Belə ki, sülhməramlılar müəyyən qədər öz qınlarına çəkilib, ağızlarına su alıb oturmaq taktikasına keçmişdilər. Sosial şəbəkə hesablarında az qala hər kadrında təxribat, yarıtmazlıq görə biləcəyimiz video-fotolar azalmış, sülhməramlılar, ən azından, öz fəaliyyətlərini işıqlandırmamaqla üzdə olan nöqsanları gözə soxmamağı bacarmışdılar. Necə deyərlər, görmürdük, eşitmirdik, ona görə də zərəri yoxdur deyirdik…
Uğurlu seçim də adlandırmaq olar, ən azından, ona görə ki, ortaya qoyacaq sanballı bir işin yoxdursa, elə ortaya çıxmamaq daha məsləhətlidir.
Ancaq dünən Rusiyanın Müdafiə Nazirliyi öz sükutunu pozub. Təbii ki, Rusiya MN öz açıqlamaları üçün “informasiya”nı məhz Qarabağda müvəqqəti xidmət aparan sülhməramlı kontingentdən alır, ən azından, qayda, qanunauyğunluq belə olmalıdır deyir…
Ermənilərin təxribatları olanda susan, lazım olduğu anda lazım olan yerdə tapılmayan sülhməramlılar dünən Qarabağda atəş səslərinin eşidildiyini öz Müdafiə Nazirliklərinə çatdırıblar. Əslində, burada ən təəccüblü məqam sülhməramlıların atəş səsinə reaksiya vermələridir, gözümüz aydın olsun, deyəsən, ayılıblar. Təbii ki, bu ayıq-sayıqlığın da bir əmması mütləq olmalıdır, axı söhbət Rusiya sülhməramlılarından gedir.
Rusiya MN iddia edir ki, Xocavəndin Tağaverd kəndi istiqamətində Azərbaycan tərəfi atəş açıb. Bu müddətdə ermənilər sakit, dinc oturublar, heç bir pozuntu olmayıb, ancaq Azərbaycan tərəfi atəşkəsi pozub.
Bəs bu təxribat xarakterli paylaşım kimə lazımdır?
Əminliklə deyə bilərik ki, Rusiya sülhməramlılarının erməniləri görən gözü yoxdur. Ancaq bu ifadə heç də bizim öyrəşdiyimiz anlamda deyil. Həqiqətən, real olaraq fəaliyyətləri dövründə bu kontingent ermənilərə o qədər göz yumub ki, bəlkə də, onların heç bir bəd əməlini görməyib, görə bilməyib. Ona görə də Rusiya MN-ə ötürülən və müvafiq olaraq nazirliyin paylaşdığı “informasiya”larda bircə “pis erməni” tapmaq çətindir.
Sülhməramlılar gözləri ilə görmədikləri kimi erməni təxribatı, atəş açmağa cürət etdikləri vaxt onların silahlarının səslərini belə eşitməyiblər, ona görə tanımırlar. Ancaq Azərbaycan əsgərinin silahından çıxan səsi, güllənin vıyıltısını çox yaxşı bilirlər, çünki həmin səsi həyatlarının sonuna qədər unutmayacaq terrorçuları, demək olar ki, hər gün görürlər. Bəli, ermənilər Azərbaycan əsgərinin silahından çıxan güllənin səsini çox yaxşı xatırlayırlar. Ona görə də ola bilsin ki, Rusiya MN-in açıqlamasında atəşkəsin kimin tərəfindən pozulduğu iddiasının arxasında məhz onların əli olsun…
Erməni terrorçuları sülhməramlıların çiyni üzərindən atəşkəsi pozanda bundan xəbərsiz olan və ya xəbərsiz görünməyə çalışan kontingentin ötən gün Rusiya MN tərəfindən müvafiq açıqlama üçün “informasiya” ötürməsi növbəti təxribatdır və birmənalı olaraq ermənilərin “könlünü almaq” məqsədi güdür.
Çünki Azərbaycan tərəfinin qətiyyətli mövqeyi və nümayiş etdirdiyi iradə bu gün sözügedən bölgədə erməni təxribatçıların göz açmasına imkan vermir. Ermənilər özləri də bunu yaxşı anlayırlar və Azərbaycanın qüdrəti qarşısında aciz olduqlarını dərk edirlər. Hətta Rusiya sülhməramlılarının varlığı belə, Bakının istənilən an onlara layiqli dərs verməsinə əngəl yarada bilmir. Bakı hər addımında ermənilərin sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə belə, nəzarətsiz olmadığını onlara göstərir.
Rusiya Müdafiə Nazirliyinin müvafiq açıqlaması söz sahibinin Azərbaycan olduğunu görən, hər zərrəsində dəhşətli əzablarla bunu hiss edən ermənilərə təsəlli üçün bir vasitə də ola bilərdi.
Yeri gəlmişkən, əgər erməni təxribatçıları təsəlli etmək üçün müvafiq açıqlamalara “zərurət” varsa, bu bir daha Azərbaycanın, onun şanlı ordusunun qüdrəti qarşısında bütün terrorçuların, təxribatçıların, separatçıların əlacsız duruma düşdüyünün bariz nümunəsidir.
Ancaq yaxşı olardı ki, Rusiya Müdafiə Nazirliyi, Rusiya sülhməramlı kontingenti ermənilərə təsəlli vermək əvəzinə, onlar arasında “maarifləndirmə”yə üstünlük versinlər. Çünki Azərbaycan Ordusu regionumuzda 44 günlük müharibə ilə yeni reallıqlar yaradıb. Bu yeni reallıqlarda isə heç bir təxribat, heç bir təsəlli cəhdi Azərbaycanın sözü və qətiyyəti qarşısında duruş gətirə bilməz. Sözün bitdiyi yerdə hələ də nələrisə sözün birbaşa mənasında qanmayan varsa, onların çox yaxından tanış olduqları səsləri eşitməklərini təmin etmək heç də çətin məsələ olmayacaq…