Rusiya məhdudiyyət qoydu: Azərbaycanda şəkər bahalaşacaq?

0
73

Rusiya hökuməti daxili bazarın sabitliyini qorumaq məqsədilə şəkər ixracına müvəqqəti qadağa qoyub. Ölkənin Nazirlər Kabinetindən bildirilib ki, məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə qalacaq. Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmdə şəkər tədarükü mümkün olacaq. Rusiyanın bu addımı ölkəmizdə şəkərin qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı Eyyub Kərimli bildirib ki, bu qərar Azərbaycan bazarı üçün əhəmiyyətli təsir göstərməyəcək.

“Hesab edirəm ki, bu qərar dost ölkərə şamil edilmir. Rusiya bizim əhəmiyyətli və ikinci ticarət tərəfdaşımızdır. Ölkəmizə idxal olunan şəkərin 40 faizi Rusiyadan gəlir. Düşünmürəm ki, bu qərar Azərbaycana olan idxala tətbiq edilsin. Tətbiq edilsə belə, bu məhsul ölkəyə əvvəlcədən gətirilib tədarük olunduğu üçün qiymət artımı olacağını düşünmürəm. Lakin nəzərə alsaq ki, yay mövsümündə qışa hazırlıqla əlaqədar ölkəmizdə şəkər tozuna olan tələbat artır. Yalnız o halda qiymətlərdə artım ola bilər”, – ekspert əlavə edib.

Qeyd edək ki, müvəqqəti qadağa dövründə Avrasiya İqtisadi İttifaqının dörd ölkəsinə – Ermənistana 28 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton. Belarusa 5 min ton – məhdud səviyyədə ixraca icazə veriləcək.