Rusiya Ukrayna ordusunun Kursk vilayətində ələ keçirdiyi ərazilərin 63,2 faizini geri qaytarıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada bölgədə Rusiya və Ukrayna hərbi birləşmələri arasında qarşıdurmaların davam etdiyi qeyd edilib:
“Kursk vilayətində düşmən tərəfindən işğal edilmiş 1268 kvadrat kilometr ərazinin 63,2 faizi (801 kvadrat kilometr) azad edilib. Şimal Hərbi Qrupu hissələrinin hücumu nəticəsində yanvarın ilk iki həftəsində Aleksandriya, Leonidovo, Russkoye Poreçnoye və Kruqlenkoye qəsəbələri azad edildi. Ukrayna ordusu yanvarda Kursk vilayətində 5600-dən çox əsgər və 570-dən çox hərbi texnika itirib”.
Açıqlamada Ukrayna ordusunun 2024-cü il avqustun 6-dan bu yana Kursk vilayətində 52 min 450 əsgər, 304 tank, 231 piyada döyüş maşını, 173 zirehli transportyor və 1562 zirehli texnika itirdiyi bildirilib.