“Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Avropa İttifaqına (Aİ) üzv olmaq arasında seçim etməlidir”.
Bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın “24 News” telekanalına müsahibəsində bildirib.
Səfir vurğulayıb ki, Rusiyanın mövqeyi əvvəlcə belə olub: ya Aİ, ya da Aİİ və hər ikisində olmaq mümkün deyil. Bu, obyektiv reallıq məsələsidir, çünki bir dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz. Diplomat Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Aİ-yə daxil olmasının “Titanik”ə bilet almağa bənzədiyi barədə sözlərini xatırladıb.
Kopırkin qeyd edib ki, İrəvanın Aİİ ilə əməkdaşlığı reallıqdır və statistika göstərir ki, Rusiya Ermənistanın iqtisadi inkişafında əsas amillərdən biridir.
Səfirin sözlərinə görə, Avropa İttifaqında nələrin baş verəcəyi gələcəyin məsələsidir. Hələlik Ermənistan və Aİ arasında ticarət dövriyyəsinin dinamikası mənfi dəyərlə xarakterizə olunur. Diplomat eyni zamanda bu seçimin Ermənistanın suveren hüququ olduğunu vurğulayıb.