Rusiya erməni revanşizmini körükləyir: Azərbaycana qarşı yeni müharibə planı

0
21

Rusiyanın yenidən Cənubi Qafqazda aktivləşmək istəkləri müşahidə edilir, xüsusilə Ukrayna müharibəsi ətrafında ABŞ-la aparılan danışıqlar və Moskvaya qarşı beynəlxalq təcridin azalacağı gözləntiləri Kremli hərəkətə gətirib. Burada əsas diqqət çəkən məqam Rusiyanın bölgəyə klassik yolla qayıtmaq niyyətidir: erməni revanşizmin körüklənməsi və Azərbaycana qarşı yeni müharibə planlarının qurulması.

Xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfərinin məqsədi də bundan qaynaqlanırdı.

Birincisi, Paşinyan hakimiyyətinin anti-Rusiya siyasətini dayandırmaq və Ermənistanda itirilən mövqelərini bərpa etməkdir.
İkincisi, erməni revanşistləri aktivləşdirməkdir: bu, həm Ermənistan hakimiyyətinə daxildə təzyiq etməyə, həm də Azərbaycana qarşı “qisas planları”nı aktivləşdirməyə hesablanıb.

Lavrovun İrəvanda “Ermənistan Azərbaycanın yeddi rayonunu ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib” etirafı, o cümlədən, Qarabağda erməni separatizminin məhvi və Azərbaycanın suverenliyinin bərpasına görə Ermənistan hakimiyyətini günahlandırması, xüsusilə Qarabağda əldə olunan nəticənin “ədalətli həll” olmadığına işarə vurması təsadüfi deyildi. Rusiya xarici işlər naziri bildirdi ki, Moskvanın “həll planında” ilkin olaraq 7 rayonun 5-i Azərbaycana qaytarılır, aralıq mərhələ kimi Ermənistanı Qarabağa birləşdirən Kəlbəcər və Laçın rayonları saxlanılır, Qarabağın yekun statusu məsələsi təxirə salınırdı: “Əslində söhbət gələcək nəsillər üçün təxirə salınmasından gedirdi. Rusiya rəhbərliyi tərəfindən uzun illərdir irəli sürülən sənədlər rədd edildi”.

Lavrov bununla baş verənlərin “günahını” təkcə Ermənistan hakimiyyətinin üzərinə yıxmır, həm də Qarabağın işğalında və bu işğalın davam etməsi planında Rusiyanın maraqlarını və birbaşa iştirakını etiraf edir.

Təəccüblü deyil, çünki Azərbaycana qarşı erməni iddialarının arxasında tarix boyu Rusiya dayanıb. Və bu siyasətin hələ XIX əsrdən başlandığı da məlumdur.

Cənubi Qafqazda münaqişələrin əsası XIX əsrdə ermənilərin Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyulub. Azərbaycan torpaqlarında qondarma “erməni dövləti”nin yaradılması planları XX əsrin əvvəllərində aktiv mərhələyə keçdi. Əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımların törədililməsi, Qərbi Azərbaycan topaqlarının ermənilərə verilməsi, bu prosesin sovetləşmənin başlanmasından etibarən 80-ci illərə qədər davam etməsi, 1950-ci və 1980-ci illərdə azərbaycanlıların öz yurdlarından deportasiyaya məruz qalması planı məhz Rusiyaya məxsus olub. Ermənilər bu planı icra edən maşa rolunu oynayırdı.

1980-ci illərin sonu, 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təşkilatçısının məhz Rusiya olduğu tarixi faktlarla sübut yetirilib: Qarabağda erməni separatizminin alovlandırılması, Rusiya hərbi kəşfiyyatının (QRU) Robert Koçaryan, Serj Sarkisyan kimi agentlərinin Moskvanın təlimatı ilə azərbaycanlılara qarşı soyqırımılar törətməsi, Rusiyanın “Pskov diviziyası”, 366-cı alayı kimi birləşmələrinin Azərbaycan torpaqlarının işğalında birbaşa iştirakı çox da uzaq olmayan keçmişdə baş verib.

Lavrov da İrəvana sonuncu səfəri zamanı səsləndirdiyi fikirlərlə bunu açıq şəkildə etiraf etdi. Eyni etiraflar Ermənistanın keçmiş rəsmiləri tərəfindən də dəfələrlə səsləndirilib. Misal üçün, keçmiş müdafiə naziri Arşak Karapetyan bir neçə gün öncə “İzvestiya” nəşrinin mətbuat zalında keçirdiyi konfrans zamanı etiraf etdi ki, “Birinci Qarabağ müharibəsində Rusiya hərbçiləri Ermənistan tərəfindən döyüşüb”.

Azərbaycan torpaqlarının 30 il işğalda qalması da məhz Rusiyanın Ermənistana dəstəyi ilə mümkün oldu. Lavrovun qeyd etdiyi “həll planları” münaqişənin həllinə yox, işğala əsaslanan status-kvonun qorunub saxlanılması idi. Rusiya 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan ordusunun işğala son qoymaq addımlarını qarşısını almaq üçün əlindən gələni edib.

– Azərbaycan və Ermənistanın masaya əyləşməsi və döyüşlərin dayanması məqsədilə rəsmi Bakıya təzyiqlər edirdi;
– Müharibə boyunca İrəvana silah daşıyan Rusiya hərbi təyyarələrinin ardı-arası kəsilmədi;
– Ermənistan hərbçilərinin döyüş meydanına daşınmasını həyata keçirtdi: səhvən vurulan Rusiya helikopteri də məhz bu işi uicra edirdi;


Rusiya 44 gün boyunca döyüş meydanında vəziyyəti Ermənistanın xeyrinə dəyişmək üçün əlindən gələni etdi. Nəticə əldə edə bilməsə də, 10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsində əsas məqsəd heç də iddia etdikləri kimi, “atəşkəsin qorunması” yox, Azərbaycan torpaqlarında qondarma rejimin mövcudluğunu saxlamaq və erməni separatizmini davam etdirmək idi.

Rusiya sülhməramlılarının Azərbaycan suverenliyinə qarşı həyata keçirdikləri fəaliyyət – separatçılara silahların daşınması, hərbi istehkamların inşa edilməsi, Azərbaycan ordusunun mövqelərinə qarşı təxribatların törədilməsi və s. – bundan ibarət olub. 2023-cü ilin 20 sentyabrında 24 saatlıq anti-terror əməliyyatı ilə Qarabağda suverenliymizin bərpa edilməsi Rusiyanın Cənubi Qafqazda 200 illik planlarını alt-üst etdi. Bu, Moskva üçün heç də arzuolunan mənzərə olmasa da, reallıqla barışmağa məcbur oldular.

Bütün bunlardan sonra Rusiya Cənubi Qafqazda 200 illik planını yenidən aktivləşdirmək məqsədilə Azərbaycana qarşı erməni revanşizmini alovlandırması cəhdlərini təkrarlayır. Lavrovun Ermənistan səfəri fonunda baş verənlər Rusiyanın gerçək niyyətini ortaya çıxarır.

Ermənistanda revanşistlər aktivləşib: Birinci Qarabağ müharibəsində Moskvanın təlimatı ilə hərəkət edən QRU-nun agentləri Robert Koçaryan və Serj Sarkisyan Ermənistanda hakimiyyəti devirmək, Paşinyan impiçment etmək istiqamətində hərəkətə keçib. Revanşistlərin əsas tezisi Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək və Azərbaycana qarşı “qisas əməliyyatına” başlamaqdır. Koçaryanla yanaşı, Serj Sarkisyan da müxalif cəbhədə öz komandasını formalaşdırır. Bunun fonunda Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun Ermənistana yeni kurator təyin edilməsi Moskvanın İrəvanda yeni hazırlığından xəbər verir.

Mediaya sızan məlumatlara görə, Robert Koçayan bir neçə gün öncə Moskvaya dəvət olunub. Ona Paşinyanın impiçmenti və hakimiyyətə qarşı mübarizədə yeni fiqurların ortaya çıxarılması ilə bağlı müəyyən təlimatlar verilib.

Qarabağdan qaçan separatçılara dəstək: 2023-cü ildə Xankəndidən İrəvana qaçan separatçıların qalıqları əvvəllər Paşinyan hakimiyyəti tərəfindən hücumlara məruz qalsa da, son dövrlər bu təzyiqlərin səngidiyi müşahidə edilir. Hətta İrəvandakı qondarma “artsax nümayəndəliyi” fəaliyyətinə hələ də davam edir, separatçılar da əsas toplantılarını orada keçirirlər. Halbuki, Ermənistan hakimiyyəti bu “nümayəndəliyin” bağlanması tələbi ilə çıxış edirdi. Paşinyan hakimiyyətinin qəfil U dönüşü etməsi, separatçıların qalıqlarına qarşı loyallıq sərgiləməsinin Rusiyanın istəyi olduğuna dair məlumatlar yayılıb.

“Hraparak” nəşrinin yazdıqlarından məlum olur ki, separatçılar İrəvanda qondarma “parlament” və “prezident” seçkiləri keçirməyə hazırlaşır, Ermənistan hakimiyyəti isə hər şeyə “göz yumur”.

“Əldə etdiyimiz məlumata görə, Rusiya Ermənistan hakimiyyətindən (qondarma) “artsax” qurumlarının ən azı formal olaraq saxlanılması, ümumiliyyətlə “artsax” məsələsinin tamamilə bağlanmamasını istəyib”, – nəşr yazır.

Rusiyanın Azərbaycana qarşı erməni revanşizmini körükləməsi cəhdləri fonunda bu informasiya xüsusilə diqqət çəkir.

Ermənistanın keçmiş müdafiə naziri, Moskvada fəaliyyət göstərən Arşak Karapetyanın bir neçə gün öncə “İzvestiya” nəşrinin mətbuat zalında konfrans keçirməsi və səsləndirdiyi fikirlər Rusiyanın erməni revanşizmi üzərindən həyata keçirməyə çalışdığı planları daha aydın şəkildə göstərdi. “İzvestiya” nəşrinin Rusiya Xarici İşlər Nazirliyinin qeyri-rəsmi media orqanı olduğunu nəzərə alsaq, Lavrovun İrəvan səfərindən sonra Karapetyana “meydan verilməsi”nin də bu planın tərkib hissəsi olduğuna əminlik yaranır. “İzvestiya” əməkdaşının konfransda bir neçə dəfə Qarabağı “Artsax” adlandırması da diqqəti təlimatın haradan gəldiyinə yönəldir.

Ən önəmli məqam isə Karapetyanın “Azərbaycan-Ermənistan müharibəsinin qaçılmaz olduğu”na dair irəli sürdüyü iddialardır. Karapetyan deyir:

– Ermənistanın xeyrinə sülh müqaviləsi olmasa, yeni müharibə başlayacaq və bu, tezliklə olacaq.
– Ermənistan Azərbaycana qarşı müqavimət göstərməsə, Rusiya ona kömək etməyəcək.


Karapetyanın bu fikirlərinin birbaşa Moskvanın təlimatı ilə səsləndirdiyi bəllidir. Əslində Lavrov da İrəvanda səsləndirdiyi “Rusiya Qarabağ məsələsində əlində gələni etdi, amma mövcud vəziyyət Emənistan hakimiyyətinin səhvlərinin nəticəsidir” tezisi ilə eyni şeylərdən bəhs edir. Və belə görünür ki, Lavrov Ermənistanda bu fikirləri açıq şəkildə dilə gətirə bilmədiyi üçün səfərdən sonra “İzvestiya” tribunasına çıxarılan Karapetyan vasitəsilə çatdırılır. Burada məqsəd Ermənistana “Azərbaycanla sülh sazişindən imtina edəcəkləri və müqavimət göstərəcəkləri – yeni müharibəyə başlamayacaqları təqdirdə, Rusiyanın tam dəstək verəcəyi” mesajını çatdırmaqdır. Lavrovun İrəvanda “Ermənistanın ərazi bütövlüyü və suverenliyinin bərpası üçün tam dəstək verməyə hazırıq” bəyanatı da buna hesablanmışdı.

Azərbaycana qarşı erməni revanşizmini körükləyən Rusiyanın planı ortadadır: Ermənistanı Azərbaycanla yeni müharibəyə başlamağa sövq etmək və bölgədə “hakim rolunu” qaytarmaq. 200 ildir eyni plan, eyni metod davam edir.