Düşünmürəm ki, Rusiyanın Cənubi Qafqazı tərk etməsi prosesi gedir, amma prioritetlər sisteminin dəyişməsi prosesi gedir.
Bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, politoloq Fyodor Lukyanov news.az-a müsahibəsində deyib.
“Qarabağ münaqişəsinin belə dramatik şəkildə həlli və bu mövzunun təkcə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin deyil, həm də Rusiya-Cənubi Qafqaz əlaqələrinin, o cümlədən Azərbaycanla münasibətlərin gündəmindən çıxarılması, tarazlıq formalaşdırır və münasibətlər baxımından, məsələn, Bakı ilə yeni imkanlar yaradır.
Digər tərəfdən, Rusiyanın mövcudluğu hər zaman fərqli ölçülərə malikdir və olacaq. Uzun müddət prioritet Ermənistanın təhlükəsizliyi üzərində qurulmuşdu. Söhbət SSRİ-nin dağılmasından regionun əldə etdiyi miras, o cümlədən Qarabağ məsələsi ilə birbaşa bağlı olan və inkişaf etmiş münasibətlər sistemindən gedir.
İndi bu dəyişir, müvafiq olaraq, Ermənistan rəhbərliyinin qaldırdığı təhlükəsizlik təminatı məsələsinə başqa cür baxılır. İstəməyən ölkəyə təhlükəsizlik zəmanəti vermək, yumşaq desək, çox çətindir.
Bu amil, bəli, dəyişə bilər. Amma çox aydın deyil, əgər Ermənistan başqa təminat axtarırsa, o zaman onları harada axtarmaq lazımdır? Bununla maraqlanan başqa oyunçular çox deyil, xüsusən də yaxınlıqda.
Digər tərəfdən, ola bilsin ki, Ermənistan rəhbərliyi bütün bunlara başqa cür yanaşır. Paşinyanın bu yaxınlarda dedikləri hamı ilə münasibətlərdə hansısa başqa paradiqma elan etmək cəhdidir.
Bu şəraitdə iqtisadi məsələlər ön plana çıxacaq. Dəyişikliklərin və əvvəlki münasibətlər tipindən uzaqlaşmanın müşahidə olunduğu siyasi təhlükəsizlik sahəsindən fərqli olaraq, iqtisadiyyatda Rusiya-Ermənistan münasibətləri normal inkişaf edir.
Son iki ildə baş verənlər yeni imkanlar yaratdı. Artıq olduğu kimi olmayacaq. Bunun necə olacağını bilmirik”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazı tərk etdiyini söyləmək hələ tezdir.
“Əgər kimsə öz siyasətini buna əsaslandırmaq qərarına gəlsə, o zaman səhv etmək riski var”, – politoloq əlavə edib.
Lukyanov hesab edir ki, Şimal-Cənub dəhlizinin hər bir variantı (Ermənistan və Azərbaycan vasitəsilə – red.) özünəməxsus xüsusiyyətləri ilə seçilir və hər birinin öz müsbət və mənfi tərəfləri var.
“Rusiya öz maraqlarına uyğun olan, lakin sabitliyin pozulması demək olmayan variantı qəbul edəcək”, – deyə o, yekunlaşdırıb.