Rusiya orduya ən azı 126 hindistanlı cəlb edib.
Dehli artıq rəsmi olaraq Moskvaya bunu dayandırmaq üçün müraciət etsə də, Rusiya Ukraynaya qarşı döyüşmək üçün Hindistan vətəndaşlarını cəlb etməyə davam edir.
“The Times” yazır ki, ümumilikdə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri ruslar ən azı 126 hindlini işə götürübülər.
Nəşr Binil Babunun yanvarın əvvəlində cəbhədə həlak olduğunu bildirib. O, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri ölən 12-ci Hindistan vətəndaşı olub.
Babunun həyat yoldaşı Joisi Con jurnalistlərə deyib ki, ərinin orduya qatılmaq niyyəti yoxdur, o, Polşaya elektrik işi üçün getmək istədiyinə görə aldanıb.
![](https://publika.az/storage/2025/02/11/1200_0_1739217446-1502.webp)
Nəşr qeyd edib ki, Babunun ailəsi onun nə vaxtsa maaş alıb-almadığını bilmir və Rusiya ordusunun nümayəndələri onlara borclu olduqları təzminatı təklif etmək üçün heç vaxt əlaqə saxlamayıblar.
Vurğulanıb ki, Hindistan dəfələrlə Rusiyadan öz vətəndaşlarını işə götürməyi dayandırmağı xahiş edib. Lakin bu, Hindistan və Rusiya arasında gərginliyə səbəb olub.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval jurnalistlərə bildirib: “Məsələ Rusiya hakimiyyət orqanları ilə, həmçinin bu gün Rusiyanın Nyu Dehlidəki səfirliyi ilə ciddi şəkildə qaldırılıb. Biz həmçinin qalan Hindistan vətəndaşlarının tez bir zamanda buraxılması tələbimizi təkrarladıq”.
O vurğulayıb ki, ümumilikdə 96 hindistanlı Rusiya ordusunda xidmətdən qovulub, 12 nəfər həlak olub, daha 16 hindistanlı isə itkin düşmüşlər siyahısındadır. Xəstəxanada başqa bir nəfər də var.
Jurnalistlər müəyyən ediblər ki, Babunun ailəsinin yaşadığı Keralada yerli agentlər böyük mükafat müqabilində kişiləri Rusiyaya aparır. Hərbidəki müddəti tam yerinə yetirməsələr, pul ödənilmir.
Bundan əlavə, nəşr ötən ilin dekabrında Rusiyadan xilas edilən bir Hindistan sakininin bu həftə intihar etdiyini bildirib. Ailəsi buna səbəb kimi onun Rusiyada mühafizəçi kimi qondarma işə düzəlmək üçün götürdüyü krediti ödəyə bilməməsi olduğunu bildirib. Rusiyaya gələndə belə bir işin olmadığını anlayıb. Əvəzində o, döyüşə göndərilib.
Oxşar vəziyyət 2024-cü ilin aprelində Rusiya tərəfindən işə götürülən Renil Tomasla da baş verib. Elə həmin ay Moskva daha hindliləri işə götürməyəcəyini söyləyib. Adama orduda aşpaz kimi işləmək təklif olunub və arxayınlaşıb ki, o, cəbhədə qalmayacaq. Bir neçə ay sonra Tomas nəhayət Baxmutda döyüşə göndərilib. O, serblər, çinlilər, şri-lankalılar, seneqallılar, suriyalılar, misirlilər və hətta amerikalı ilə birlikdə döyüşüb. O, yalnız sentyabrda qayıda bilib.
Tomas ona ayda 2000 dollar vəd edildiyini söyləyib. Bu, onun öz ölkəsində qazandığından on dəfə çoxdur. Ancaq o, heç vaxt tam məbləği almayıb.