Rusiya bu ölkələrlə viza sistemini sadələşdirir

0
71

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, ölkəsi Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikasının bir sıra dövlətləri ilə viza sisteminin sadələşdirilməsi üzərində işləyir.

BRİKS ölkələri arasında birbaşa hava əlaqələri yaxşı inkişaf edib və turistlər üçün vizasız giriş təmin olunub.

“Biz Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikasının bir sıra ölkələri ilə viza sistemini sadələşdirməyə çalışırıq”, – deyə Reşetnikov qeyd edib.

Həmçinin bildirilib ki, Moskvada keçirilən birinci BRİKS turizm forumu çərçivəsində bu assosiasiyaya daxil olan ölkələr turizm sahəsində əməkdaşlığa dair yol xəritəsi imzalayıblar.

“Yol xəritəsi eyni vaxtda bir neçə layihə üçün ardıcıl inkişaf sxemini əks etdirir. Söhbət turizm sahəsində rəqəmsal həllər üçün platformanın yaradılmasından, turoperatorların səlahiyyətlərinin inkişafı proqramının hazırlanmasından, BRİKS-in yaşıl təşəbbüsündən gedir. Turizm sahəsində işgüzar əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər keçiriləcək”, – Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müraciətindən sitat gətirilib.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə BRİKS ölkələri arasında qarşılıqlı turist axınının 1,5 milyon nəfəri ötdüyü bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. BRİKS ölkələri arasında turist səfərləri potensialı 2030-cu ilə qədər 20 milyon nəfərə çatacaq. BRİKS ölkələrindən gələn beynəlxalq turistlərin ümumi sayı isə 10 faiz təşkil edəcək.