Rusiya BMT-ni hədələdi: “İran dronları ilə bağlı araşdırma davam edərsə, taxıl müqaviləsi ləğv edilə bilər”

0
255

“Rusiyanın İran pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı BMT-nin təhqiqatına cavab olaraq Moskva BMT ilə “əməkdaşlığa yenidən baxa” bilər. O cümlədən də taxıl sazişinin  uzadılması ilə bağlı məsələni yenidən nəzərdən keçirə bilər”.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Bununla bağlı bəyanat BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra verilib. İclasda İranın Rusiyaya pilotsuz təyyarələr verməsi ilə bağlı ittihamlar səsləndirilib.

Polyanski Rusiyanın taxıl müqaviləsinin uzadılmasının vacibliyinə hələ “əmin olmadığını” deyib. Eyni zamanda Rusiya gübrələri və ərzaq məhsullarının ixracının əsas məsələ olaraq qaldığını qeyd edib.

Polyanskinin sözlərinə görə, Moskva ümid edir ki, katiblik və BMT Baş katibi İranın pilotsuz təyyarələri ilə bağlı hər hansı araşdırma və təhqiqatda iştirakdan çəkinəcək. Rusiyalı diplomat bu araşdırmaları “qanunsuz” adlandırıb. Həmçinin BMT Təhlükəsizlik Şurasının qərarının pozulması, BMT mandatının hüdudlarından kənara çıxılması kimi qiymətləndirib. “Əks halda Rusiya BMT ilə əməkdaşlığa yenidən baxacaq. Biz bunu istəmirik, lakin başqa seçim olmayacaq”, – deyə Polyanski təhlükənin ciddiliyini vurğulayıb.