Rusiyanın “Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi üç aviaşirkətə Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana 7 reys həyata keçirməyə icazə verib.
“Azur Air”, “Severnıy Veter”, “İrAero” aviaşirkətlərinə Azərbaycana uçuşlara icazə verilməsi qərara alınıb.
Federal Hava Nəqliyyatı Agentliyinin qərarı ilə “İrAero” aviaşirkəti həftədə iki dəfə olmaqla Moskva-Füzuli və Moskva-Zaqatala reyslərinin yerinə yetirilməsinə icazə alıb.
Bundan əlavə, “Azur Air” Rusiyanın dörd şəhərindən – Samara, Rostov-na-Donu, Krasnodar, Kazan şəhərlərinin hər biri həftədə iki dəfə olmaqla Bakıya uçuşlar həyata keçirə bilmək, “Severnıy Veter” aviaşirkəti isə həftədə yeddi dəfə olmaqla Soçi-Bakı reysini yerinə yetirmək hüququ əldə edib.
Qeyd edək ki, oktyabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov Füzuli şəhərinin hava limanına beynəlxalq statusun verilməsi haqqında qərar imzalayıb. Oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə hava limanının rəsmi açılışı olub.