Rusiya 5 rayonu qaytarmağı təklif edir, ermənilər isə…

0
471

Ermənistan xarici işlər naziri elə yalan söyləyir ki, adamın tükləri biz-biz olur. Həyasızlığın və yalanın da bir həddi-hüdudu olmalıdır. Danışıqların əvvəldən iki formatı müzakirə olunub. Bunlar paket variantı və mərhələli həll variantlarıdır. Azərbaycan danışıqların ilk dövrlərindən paket variantını, yəni məsələlərin kompleks şəkildə həlli variantını rədd edib. O zamandan – təxminən 2003-cü ili əvvəllərindən bəri danışıqlar mərhələli həll variantı üzərində aparılır.

Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, ermənilər mərhələli həll planına könülsüz razı olsalar da, sonradan bu təklifi qəbul ediblər və danışıqlar bu istiqamətdə davam edib:

“ATƏT də, BMT də yaxşı başa düşür ki, bu cür münaqişələri mərhələləli həll yolu ilə həll etməkdən başqa çıxış yolu yoxdur. Çünki həddən çox narazılıq törədən, bəzən diametral şəkildə bir-birinə əks olan mövqelər var. Bunları uzlaşdırıb kompromis tapmaq üçün məhz mərhələli plan, mərhələli kompromislər məsələni həll etməyə doğru aparan ən düzgün formatdır”.

Q.Hüseynli qeyd edib ki, Zöhrab Mnatsakanyanın Rusiyanın XİN başçısı Sergey Lavrovun vasitəçiliyi ilə keçirilən telekonfransdan sonra mərhələli həll variantının gündəmdə olmadığını deməsi çox ciddi təəccüb doğurur:

“O, Azərbaycan XİN başçısı ilə bu qədər görüşlər keçirib, Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Bişkekdən Davosadək müxtəlif şəhərlərdə görüşləri baş tutub. Bu görüşlərin heç birində Ermənistan tərəfi mərhələli həll variantına etirazını bildirən fikir səsləndirməyib. Yaınız onu deyiblər ki, qondarma “DQR”in bu prosesə qoşulması onların tələbidir. Daha sonra isə bu tələb də qəbul edilmədikdən sonra onlar danışıqların Ermənistan və Azərbaycan arasında aparılmasının ən məqbul olması fikrini qəbul ediblər. İndi birdən-birə yenidən Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsinin, mərhələli həll variantının onların işinə yaramadığını söyləməklə çox böyük həyasızlıq edərək, bildirirlər ki, bir qarış da olsun, torpaq qaytarılmayacaq. Sanki özlərinin bura gəlmə olduqlarını unudublar. İşğal olunmuş torpaqlarla bağlı BMT-nin məlum qətnamələrini də görməzdən gəlmək istəyirlər. Amma bütün bunlar hamısı boş bəhanələr, əsası olmayan arqumentlərdir”.

Müsahibimiz qeyd edib ki, bununla belə bu cür bəyanatlar Ermənistanın iç üzünün açılmasında, onun mövqeyinin dəqiq şəkildə ortaya qoyulmasında mühüm əhəmiyyətə malikdir:

“Rusiya tərəfi də Kazan və Madrid prnsiplərini səsləndirərək, 5 rayonun geri qaytarılması ilə bağlı bəyanat verməsinə baxmayaraq, Ermənistanın bu qeyri-konstruktiv mövqeyi ilə bağlı qətiyyətli mövqe ortaya qoymur. Doğrudur, Lavrov deyib ki, sülh danışıqlarından imtina edilməsi müharibə variantının gündəmə gəlməsinə səbəb ola bilər. Bu da çox loyallıqla deyilmiş sözlərdir. Hər halda belə təsəvvür yaranır ki, Ermənistan danışıqları boykot edir, danışıqlar praktikasından faktiki olaraq uzaqlaşmaq istəyir. Sülh danışıqları prosesinin dayanmasının alternativi müharibədir.

Azərbaycan bu variantı da rəhbər tutacaq, amma Rusiya ilə son məsləhətləşmələr həyata keçirildikdən sonra hərə öz işini bilmiş olacaq və hərə məsələlərin çözülməsi ilə bağlı tədbirlərini görəcək. Bu məsələdə həlledici söz Azərbaycana məxsusdur. Çünki işğala məruz qalan, torpaqları işğal altında olan və ərazi bütövlüyü pozulmuş tərəf Azərbaycandır.

Azərbaycan Prezidenti də həmişə söyləyib ki, ölkəmizin ərazi bütövlüyünün dəyişdirilməsi məsələsi müzakirə predmeti ola bilməz. Deməli, ermənilər hansı yolu seçdiklərinin fərqində olmalıdırlar və bir daha dərindən düşünməli olacaqlar”.