Rus sülhməramlıları neytral deyil – Kozlariç danışdı

0
395

Bir müddət öncə ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Kerri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirakı ilə “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel keçirilib. Həmin paneldə 1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri, region üzrə mütəxəssis Riçard Kozlariçin Qarabağdakı mövcud vəziyyətlə bağlı səsləndirdiyi fikirlər isə rezonansa səbəb oldu.

Bu panel müzakirəsindəki çıxışı ilə bağlı keçmiş səfir Riçard Kozlariç  müsahibə verib:

– 10 noyabr Bəyanatına əsasən, Rusiya sülhməramlıları beynəlxalq səviyyədə tanınan və Vətən müharibəsi zamanı bərpa edilən Azərbaycan ərazisində yerləşdirilib. Siz rus sülhməramlılarının fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bunu demək çətindir, çünki onların fəaliyyətləri barədə çox az məlumat var. Sülhməramlı qüvvələrin sayı 10 Noyabr atəşkəs razılaşması çərçivəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün çox azdır. Bununla yanaşı, görünən odur ki, onlar uğurlu sülhməramlı əməliyyatın vacib bir atributu olan neytrallığı qorumaq keyfiyyətinə sahib deyillər.

– Atəşkəsdən sonra yaranan vəziyyətin hazırda Qarabağın bir hissəsini Azərbaycanın nəzarətindən kənarda saxladığını haqlı olaraq qeyd etmişdiniz. Bu nəzarətin təmini üçün beynəlxalq birlik və həmsədrlər hansı təşəbbüs göstərə bilər və təklifiniz nədir?

– Həm Ermənistan, həm də Azərbaycanın Qarabağın qalan hissəsinin statusunu həll etmək də daxil olmaqla, bir sülh prosesinə başlamağa qərar verənə qədər beynəlxalq birliyin oynayacağı hər hansı bir rolun olduğundan əmin deyiləm. Aydındır ki, Rusiya razılaşmalı idi, amma son sülh danışıqları aparılana qədər beynəlxalq protektorat təşkil oluna bilər.

– Hazırda sülh təmin edilib və Rus-Türk Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra bircə dəfə də olsun, hər hansı terror hücumu baş verməyib. Bu halda siz “yalnız Türkiyə və Rusiya ilə sülhü təmin etmək mümkün olmayacaq” sözlərinizi necə izah edərdiniz?

– Atəşkəsin aspektlərini həyata keçirməklə bağlı bütün məsuliyyəti yerinə yetirmək üçün ATƏT kimi daha neytral bir çətirə ehtiyacınız var. Türkiyə ilə Rusiyanın daha geniş bir aspektdə bu prosesdə iştirak edə biləcəyi aydındır, lakin münaqişənin tərəfləri bu və ya digər tərəfə tamamilə etibar etmir.

– Azərbaycan ərazisində, sizcə, başqa ölkə və ya qurumların sülhməramlılarının yerləşdirilməsinə nə qədər zərurət var və bunun mexanizmi necədir?

– Yalnız Rusiya sülhməramlıları 10 Noyabr tarixli bəyanat çərçivəsində bütün barışıq öhdəliklərini yerinə yetirmək üçün çox kiçikdir. ATƏT-in münaqişəyə cəlb olunmasının əvvəlindən bəri çoxtərəfli bir sülhməramlı qüvvənin olması – regional güclərin qoşunları olmadan – Minsk Qrupunun dəstəklədiyi fikir idi. Beynəlxalq ictimaiyyət daha böyük bir beynəlxalq qüvvə ilə bu seçimə qayıtmalıdır.

– Ermənistanla Azərbaycan arasında sərhədlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı olduğu barədə fikirləriniz olduqca diqqətçəkicidir. Məgər, Ermənistan və Azərbaycanın sərhədləri BMT tərəfindən tanınmırmı? Hazırda sərhədlərin delimitasiyası gedir və sovet dövründəki xəritələr üzrə sərhədlər müəyyənləşir. Siz hətta Qarabağda “Deyton prinsipi”nin tətbiqini təklif edirsiniz. Bunlar haqda ətraflı danışmanızı xahiş edirik.

– Bosniya və Herseqovinanın Brko bölgəsinin statusu az qala Deyton müqaviləsini pozurdu. Məsələnin həlli yolu bölgəni beynəlxalq nəzarətçinin tabeçiliyinə vermək və tərəflərə Brkonun son vəziyyəti ilə bağlı danışıqlar aparmaq üçün bir il vaxt vermək idi. Əlavə olaraq, tərəflər öz aralarında danışıqlar aparıb nəticə əldə edə bilməyəcəkləri təqdirdə beynəlxalq ictimaiyyət tərəfindən hərəkətə keçməsi nəzərdə tutulan Brko arbitraj paneli təyin edildi. Gözlənilən də baş verdi – beynəlxalq arbitr statusa qərar verdi.

– 10 noyabr Bəyanatına əsasən, qaçqınların geri qaytarılması prosesi BMT-nin nəzarətində aparılmalı idi və siz də bunu panel müzakirəsində doğru olaraq vurğulamısınız. Hazırda rus sülhməramlıları ermənilərin Qarabağa qaytarılmasını təşkil edir və doğrusu, prosesin 10 noyabr Bəyanatında qeyd edildiyi kimi, BMT-nin missiyasının nəzarətindən kənarda olması narahatverici olmaqla yanaşı, bəyanatın maddəsinin pozulmasıdır. Sizcə, BMT niyə prosesdən kənarda qalır? BMT-nin bu prosesə cəlbi üçün nə lazımdır?

– Balkanlarda daşınmaz əmlak tələbi olan hər bir qaçqın və məcburi köçkünün geri qayıtmaq hüququ yenidən təmin edildi. Sadəcə bir qrup qaçqın və məcburi köçkünün qayıtmasını təşkil etmək bu vəziyyətdə düzgün olmamaqla bərabər, Rusiya sülhməramlılarını BMT-nin özünün idarə etməli olduğu bir prosesin ortasına qoyur.

– Siz Türkiyə və Rusiyanın sülhün yaranması üçün kifayət etməyəcəyini, bura NATO qüvvələrinin də cəlbini təklif edirsiniz. Əslində, Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsi hər zaman müzakirə mövzusu olub. Ancaq hazırda reallıq bizim istəyib-istəməyimizdən asılı olmadı. Buna baxmayaraq, Türkiyə faktiki olaraq elə NATO deməkdir, çünki NATO üzvüdür və hazırda NATO-nun ikinci ən güclü ordusuna sahibdir. NATO Qarabağda sülh prosesinə Türkiyə vasitəsilə dəstək verə, həm prosesin daha şəffaf getməsini təmin edə, həm də qüvvələr nisbətini balanslaşdıra bilər. Bu barədə Türkiyəyə hansı təklif olub? Siz bu prosesin reallaşmasını necə görürsünüz?

– Deyton modelinə (NATO qüvvələrinin əsas olduğu) toxunaraq, Qarabağ məsələsində də oxşar çoxmillətli bir qüvvənin olmasını təklif etdim. Bu proses ATƏT-in və ya BMT-nin səlahiyyətlərinin nəzarəti altında ola bilər, ancaq sülh təminatçıları Rusiya sülhməramlıları və Türkiyə qüvvələrindən daha geniş olmalıdır. Bu nöqtədə NATO-nun Qafqazda heç bir rolu yoxdur. Yuxarıda qeyd etdiyim kimi, ATƏT çətirinin ön planda olmasını istərdim.