Rövşən Əkbərova hökm oxundu – Yenilənib

0
412
Rövşən Əkbərova hökm oxundu

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərova hökm oxunub.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə R.Əkbərovun vəkili Rüstəm Zülfüqarov çıxış edərək müvəkkilinin cinayəti törətdiyinə dair sübut olmadığı üçün üçün ona bəraət verilməsini istəyib: “Rövşən Əkbərov hadisə günü ailəsi ilə birlikdə evdə olduğunu deyir. Amma istintaq orqanı onun ailə üzvlərini şahid kimi dindirməyib. Bundan başqa Rövşən Əkbərova məxsus avtomobilin hadisə günü “Sikora” kafesinin qarşısında olmasına dair ittiham tərəfinin heç bir sübutu yoxdur. Şahid ifadələrində ona məxsus xidməti avtomobilin cinayət günü Kiyevdəki Azərbaycan səfirliyinin həyətində olduğu göstərilib. Hadisənin yeganə şahidi Məzahir Şıxəliyev 3 gün polis bölməsində saxlanılıb və bu müddətdə Rövşən Əkbərovun adını çəkməyib. Lakin Nazim İbrahimov Kiyevə gələndən sonra qəribədir ki, Rövşən Əkbərovun adı cinayətdə hallanmağa başlayıb”.

Daha sonra Rövşən Əkbərov son sözlə çıxış edib: “Mən hadisə günü o kafedə, ümumiyyətlə, olmamışam. Həmin axşamı evdə ailə üzvlərimlə keçirmişəm. Səhəri günü tezdən mənə zəng olunub ki, Elçin Əliyevi öldürüblər. Hadisə günü orada olduğu deyilən Məzahir Şıxəliyevi həyatım boyu görməmişəm, tanımıram. Mənə bəraət verilməsini xahiş edirəm”.

Daha sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıblar.

***

Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. O,  dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir.

R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib.

***

İttihama görə, Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərində “Sikora” kafesinin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış münaqişə səbəbindən onu hərbi xəncərlə vuraraq öldürüb.