Azərbaycan milli komandasında daha bir əcnəbi məşqçinin – Canni de Byazinin dönəmi başa çatdı. O, yığmanın “sükanı arxasına” keçən ümumilikdə 6-cı əcnəbi məşqçi oldu. Rövnəq Abdullayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə isə 4-cü gəlmə mütəxəssis kimi tarixə düşdü.
Onun da fəaliyyəti Azərbaycan futbol üçün faydalı olmadı. Əksinə, qalmaqallar və uğursuzluqlarla yadda qaldı. Yəqin ki, bu, italyanın vecinə deyil. Çünki burda çalışdığı 3 il ərzində bank hesabını xeyli məbləğdə artırdı.
AFFA rəhbərliyinin son 15 ildəki hobbisi əcnəbilərə milyonlar qazandırmaqdan başqa bir şey olmadı. Berti Foqts dönəmindən başlayan proses indi də davam edir. Bu qədər pulun qarşılığında Azərbaycan futbolu heç bir irəliləyişə nail olmayıb.
AFFA Foqtsu 2008-ci ildə Avro-1996-nın qalibi adıyla futbolumuza sırıyanda özünə 2 milyon, köməkçilərinə isə 1 milyon avro maaş ödədi. Bu proses 7 il ərzində davam etdi. 2014-cü ildə alman istefaya göndərilərkən, təzminatını son qəpiyinə qədər aldı. 21 milyon avro (42 milyon manat, köməkçiləri ilə birgə) qazanan Foqts indi o pulların hesabına xoş günlər yaşayır.
Berti Foqtsdan sonra yığma Robert Prosineçkiyə tapşırıldı. Xorvatiyalı məşqçi karyerası ərzində heç bir yerdə görmədiyi pulu məhz Azərbaycanda qazandı. Prosineçki Azərbaycan olduğu 3 il ərzində köməkçiləriylə birlikdə təqribən 5 milyon avro (10 milyon manat) qazandı. Robert bizdən sonra çalışdığı yerlərdə ilə 300-400 min avro maaşla kifayətlənməli oldu.
Ondan sonra bu posta gələn həmyerlisi Nikola Yurçeviç AFFA-nın səxavət kisəsindən ən az pay qazanan əcnəbi məşqçidir. Yurçeviç ölkəmizdə çalışdığı 1 il ərzində köməkçiləriylə birlikdə 1 milyon avro (2 milyon manat) qazandı. Onun Avro-2020-nin seçmə mərhələsində cəmi 1 xal qazandığını xatırlamaq bu məqamda yerinə düşər.
Heç kimə lazım olmayan Canni de Byazi də ölkəmizdə qaz vurub, qazan doldurdu. O və məşqçilər heyəti 3 il ərzində 7,5 milyon avro, yəni 15 milyon manat qazandı.
İndi hesablayaq, Rövnəq Abdullayevin AFFA-sı 15 il ərzində 4 məşqçiyə təqribən 70 milyon manat xərcləyib. Maaşlardan əlavə onlara yaxşı mənzil, sürməyə maşın, bonuslar və mükafatlar verilib. Di gəl ki, bu 4 məşqçinin heç biri Azərbaycandan sonra heç bir yerdə bu qədər pul qazanmaq bir yana, iş də tapa bilməyiblər. Yalnız Prosineçki Bosniya və Hersoqovina yığmasında, Türkiyə, Sloveniya və Xorvatiya klublarında bir mövsümdən artıq olmamaq şərtiylə çalışıb.
Elə bilirsiniz AFFA təkcə milli komandaların baş məşqçilərinə milyonlar xərcləyib? 10 il ərzində özünə futbol adamı deyən Bernhard Lippert adlı şəxs müxtəlif vəzifələri icra edərək aylıq 30 min avro qazanıb. Onun ümumi qazancı 5 milyon avrodan az olmayıb. Rövnəq Abdullayevin dönəmində Milan Obradoviçlərə, Nikolay Adamlara da milyonlar xərclənib. Hələ müxtəlif layihələr adıyla ölkəmizə cəlb edilən “mütəxəssislər”i, klublar xaricdən gətirilmə adıyla sırınan koordinatorları, akademiya rəhbərlirini, qadın və uşaq futbolunda çalışan əcnəbi məşqçiləri demirik. Bununla AFFA-nın 15 il ərzində əcnəbilərə xərclədiyi məbləğin 100 milyon manat civarında, bəlkə də daha artıq olduğunu rahatlıqla iddia edə bilərik.
Ancaq bu 15 il ərzində futbolumuz nəinki inkişaf etdi, əksinə, geriyə getdi. İrəliyə doğru heç bir addım atılmadı. Bu müddət ərzində o mütəxəssislərin heç birinin ortalığa çıxarılacaq bir nəticəsi, faydası olmadı. Futbolumuzun bugünkü durumu hər şeyi deyir: gələcək üçün heç bir ümid yoxdur.