“Road & Traffic 2019” sərgisi keçiriləcək

0
842

11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi “Road & Traffic 2019” sərgisi keçiriləcək. Sərgi nəqliyyat infrastrukturu sahəsində yeganə ixtisaslaşmış tədbirdir və burada yol inşaatı sahəsində ən son nailiyyət və innovasiyaların nümayişi ilə yanaşı, yol hərəkətinin idarə olunması sistemində informasiya texnologiyalarının tətbiqi və təhlükəsizliyin təmin edilməsi üzrə perspektivlər müzakirə olunur. Biznes strukturları ilə Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri arasında görüşlərin keçirilməsi üçün unikal platforma olan bu sərgi təkcə yol sahəsinin deyil, həm də yol-inşaat sahəsinin peşəkarları arasında yüksək qiymətləndirilir.
Bu il sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnika, yolların nişanlanması üçün avadanlıqlar, elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yeni avtobus modelləri və bir sıra digər məhsulları təqdim edəcək. Tam siyahı ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: https://roadtraffic.az/az-content/54.html

Eksponentlər yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi üçün məhsul və xidmətlər çeşidini, yol örtüklərinin vəziyyətinə texniki nəzarət vasitələri, yol-inşaat texnikasını, yolların nişanlanması üçün vasitələri, yol işıqlandırma sistemlərini, yol nişanlarını və metal yol sədlərini nümayiş etdirəcək. Bu il sərgidə yeni avtobus modelinin nümayişi ilə “Xaliq Faiqoğlu” şirkəti debüt edir. Sərginin digər debütantları arasında tədbirin açıq platformasında öz yol-tikinti texnikasını sərgiləyən “KURGANDORMASH” şirkəti də yer alır.

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edir. Belə ki, təşkilatçılar bu proqram çərçivəsində “B2B” formatlı görüşlərin keçirilməsi üçün işgüzar platforma yaradıb və burada yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün görüşlər keçirə biləcəklər.

Həmçinin sərgi çərçivəsində təşkilatçılar tərəfindən “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda panel müzakirələrin aparılması da planlaşdırılır. Müzakirənin iştirakçıları, aparıcı sənaye ekspertləri yol hərəkətinin idarə edilməsi sahəsində mövcud olan problemləri və bu sahədə tətbiq edilmiş yenilikləri müzakirə edəcəklər. Sərginin qonaqları açıq mikrofon vasitəsi ilə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər.
Beləliklə, Azərbaycan üçün mühüm strateji layihə olan “Road&Traffic 2019” sərgisi 3 gün ərzində yeni qarşılıqlı faydalı və səmərəli əlaqələrin qurulması və genişləndirilməsi, perspektiv sazişlərin imzalanması və investisiya qoyuluşu, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün mükəmməl imkan yaradacaq.
Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir. “Road&Traffic 2019” sərgisi 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi ilə eyni meydançada keçiriləcək. Ətraflı məlumatı və sərgiyə elektron dəvətnaməni www.roadtraffic.az rəsmi saytdan əldə edə bilərsiniz.