Məşhur fotoqraf Reza Deqati Fransanın ARTE kanalının qonağı olub. O, verilişdə Qarabağın işğal altında olmuş torpaqlarında ermənilərin törətdikləri vəhşiliklər barədə məlumatları paylaşıb, həmin ərazilərdə çəkdiyi dağıntı şəkillərini göstərib.
Məşhur fotoqraf Fransanın aparıcı media qurumlarına bu münaqişəni işıqlandırmaqla bağlı müraciətlərinin cavabsız qaldığını diqqətə çatdırıb:
“Münaqişə tərəflərindən biri medianın “yadından çıxıb”. Buna mən şahidəm. Qarabağ münaqişəsi ilə bağlı böyük media qurumlarına zəng edib deyəndə ki, münaqişə zonasına gedirəm, heç bir media orqanı mənimlə əməkdaşlıq etmək istəmədi. Halbuki Ermənistan tərəfdə Fransadan 80 jurnalist və fotoqraf var idi. Azərbaycan tərəfdə isə təkcə mən və mənimlə birlikdə yerli fotoqraflar idi”.
O, münaqişədə iki əsas məsələyə diqqət yetirdiyini qeyd edib: “Birincisi, mülki insanların iztirabı, çünki müharibə zamanı qadınlar və uşaqlar daha çox iztiraba məruz qalırlar. Onlar müharibənin əsl qurbanlarıdır. Qarabağ müharibəsi zamanı da bombardman edilən, Cenevrə Konvensiyaları ilə istifadəsi qadağan edilmiş bombaların qurbanı olan azərbaycanlı mülki əhali idi.
İkinci məqam isə azad olunmuş ərazilərdir. Kəndlər və şəhərlər tamamilə dağıdılıb. Digər müharibələr zamanı belə mənzərəni heç yerdə görməmişəm”.