Regional Mətbəx Festivalı yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb – FOTO

0
594

Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan Regional Mətbəx Festivalı yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

İyulun 27-də şəhərin Nizami Gəncəvi adına istirahət parkında festivalın açılış mərasimi keçirilib.

Festival iştirakçıları əvvəlcə “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla tanış olublar.

Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.

Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları da nümayiş etdirilir.

Tədbirdə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib. Milli mətbəx nümunələri ilə tanış olan qonaqlar, ləziz təamların dadına baxıblar.

Regional Mətbəx Festivalına təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edir.

İki gün davam edəcək festival çərçivəsində qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirildiyi “Əsas səhnə” və uşaqlar üçün “Əyləncə parkı” zonası fəaliyyət göstərir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev festivalın açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, gündən-günə inkişaf edən ölkəmizdə bu kimi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın bölgələri çiçəklənir, abadlaşır. Bu isə imkan verir ki, belə mötəbər tədbirlər rayonlarda da təşkil olunsun.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.

Fuad Nağıyev Quba, Qusar və Xaçmaz kimi şəhərlərin yerləşdiyi şimal-şərq regionunun turistlərin ən çox üz tutduğu bölgələrdən olduğunu diqqətə çatdırıb, bu regionda xarici turistlərə təqdim etmək üçün çox sayda turizm məhsulunun mövcud olduğunu deyib.

“Bu kimi tədbirlər milli mətbəx nümunələrinin nümayişi baxımından, ümumilikdə isə Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan qastro-turizmin inkişafı cəhətdən mühüm rol oynayır. Şimal-şərq regionunda milli mətbəx nümunələri öz dadı və ləziz görünüşü ilə seçilir. Son illərdə Azərbaycan öz qapılarını ziyarətçilər üçün tam açıb və indi ölkəyə turist axınını artırmaq zamanıdır. Ən önəmli məsələlərdən biri də turistlərin məmnunluğuna, onların ölkəyə yenidən gəlməsinə nail olmaqdır”, – deyə agentlik sədri bildirib.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə yaradılan Quba Destinasiya Menecmenti Təşkilatı iyun ayından fəaliyyətə başlayıb. İlk pilot layihə olaraq Destinasiya Menecmenti Təşkilatı üçün Quba və Qusarın seçilməsi təsadüfi deyil. Bu rayonlar Azərbaycana gələn turistlərin ən çox üz tutduğu rayonlar sırasında yer alır. Bu təşkilat regionların turizm potensialından daha səmərəli istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərəcək.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Azərbaycanın zəngin mətbəxə malik olduğunu bildirərək, bu festivalın ölkəmizin müxtəlif bölgələrində milli yemək növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

“Azərbaycan milli mətbəxinin tarixi xalqımızın tarixi qədər qədimdir”, – deyən N.Ağayev qeyd edib ki, milli kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə fərqlənir. Festivalın keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir.

Minlərlə qonağın qatıldığı festival maraqlı konsert proqramı ilə davam edib. Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, populyar ifaçılar Sevda Yəhyayeva, Aynur Dadaşova, Zenfira İsmayılova və Anar Şuşalının ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mətbəx festivalının son günündə “Şahdağ Quba” hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klaslar keçiriləcək.