Regional Mətbəx Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

0
505

Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan Regional Mətbəx Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb.

Festivalın ikinci günü “Şahdağ Quba” hotelində məşhur aşpazlar tərəfindən regional qida sənayesinin aşpaz və mütəxəssisləri üçün master-klaslar keçirilib.

Axşam saatlarında Nizami Gəncəvi adına istirahət parkında təşkil olunan konserti minlərlə region sakini və Qubaya gələn turistlər izləyiblər.

İyulun 27-dən start götürən festivalda iştirakçılar “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla tanış olublar. Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri qonaqlarda böyük maraq oyadıb.

Bununla yanaşı, festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları da nümayiş etdirilib.

Regional Mətbəx Festivalına təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edib.

İki gün davam edən festival çərçivəsində qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirildiyi “Əsas səhnə” və uşaqlar üçün “Əyləncə parkı” zonası fəaliyyət göstərib.