Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu barədə ötən gün Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, əgər şəxslər yeddi iş günü ərzində prosesi icra etməsələr, onlara xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaqlar. Çünki olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.
Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov açıqlamasında qeyd edib ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır:
“Həmçinin yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi iş günü ərzində tələb olunan sənədləri ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Nəticədə həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Təbii ki, bir müddət sonra vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu qeydiyyatdan çıxarır”.
Millət vəkili bildirib ki, sözügedən qərarın cəmiyyətimizə böyük faydası var:
“Bu qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Bildirim ki, 1990-cı illərin sonu və 2000-ci illərdə bu sahədə pərakəndəlik vardı. İnsanların getdikləri yerdə qeydiyyatda olmaları və daha sonra çıxmaları həm polis, həm də məhkəmə orqanlarına yaşayış sənədlərinin alınıb təqdim olunmasında böyük problem yaradırdı. Bu proseslə bağlı dövlət orqanlarına müraciət edəndə əvvəlki illərdə buraxılmış fəsadlar hiss olunurdu. Ona görə də sistemin tam sadələşdirilməsi hər birimiz üçün vacib məsələdir”.
Müsahibimiz hesab edir ki, belə bir addımın atılması həm də hüquqi işlər üçün vacibdir:
“Bu qanundan əvvəl olduğu yerin araşdırılması müvafiq orqanların işini çətinləşdirirdi. Düşünürəm ki, şəxsin olduğu yerlə bağlı hüquqi sənədin olması həm də bəzi şəxsləri cinayət əməllərindən çəkindirər. Bundan əlavə, hərbi səfərbərlik, sosial müavinət, evlənmək, boşanmaq kimi məsələlərlə bağlı da insanın faktiki yaşadığı yerin dəqiq bilinməsi vacibdir. Bu proses vətəndaşların tez tapılmasına xidmət edir”.