Rasim Məmmədov İctimai Nəzarət Koalisiyasında Mühüm Görüş Keçirdi
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin sədri və İctimai Nəzarət Platformasının yaradıcısı Rasim Məmmədov (İNK) Sabunçu rayonunun ərazi rəhbərləri və ictimai nümayəndələri ilə görüşdə Koalisiyanın prioritet istiqamətləri barədə dəyərli tövsiyələrini paylaşıb.
Görüşdə Koalisiyanın sədrinin birinci müavini, hər iki Vətən müharibəsinin iştirakçısı, “Azərbaycan bayrağı” ordenli qazi, Cəbrayıl, Füzuli, Xocavəd və Horadizin işğaldan azad olunmasında iştirakına görə medallarla təltif olunmuş Zahir Həsənov, həmçinin Sabunçu rayon İNK şöbəsinin yeni sədri Cəbrayılov Balakişi Talıb oğlu, Məştağa üzrə nümayəndə Balaəhmədov Hafis Oqtay oğlu və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı Sabunçu rayon şöbəsinin sədri, sədr müavini və Məştağa nümayəndəsi Koalisiyanın rəhbərliyi tərəfindən diqqətlə dinlənilib. Rasim Məmmədov ictimai nəzarətin cəmiyyətdəki rolunu və vətəndaşların bu təşkilata dəstəyinin vacibliyini xüsusi vurğulayaraq, ölkə başçısının çağırışı əsasında yaradılan İNK-a vətəndaşların gəlməsinin sevindirici hadisə olduğunu qeyd edib.
Görüşdə iştirakçılar yerlərdə baş verən qanun pozuntuları, vətəndaşlara qarşı ögey münasibətlər və digər problemlər haqqında məlumat veriblər. Bu cür halların mərkəzi qərargaha, sədrə, nümayəndələrə və mətbuat xidmətinə çatdırılmasının vacibliyi qeyd edilib. Rasim Məmmədov qeyd etdi ki, hər hansı bir vətəndaş qohum, qonşu və ya digər şəxslərə qarşı haqsızlıq, ədalətsizlik olduğu təqdirdə yazılı və ya şifahi müraciətlər qəbul ediləcək. Təşkilat, müvafiq orqanlarla əlaqə saxlayaraq, qanun pozuntuları və boşluqlar barədə xəbərdarlıq edəcək və lazımi addımlar atılacaq.
Bundan əlavə, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə görülən işlər haqqında məlumatların dərc ediləcəyi bildirilib. Rasim Məmmədov qeyd etdi ki, bu cür açıq kommunikasiya vətəndaşlara daha çox inam aşılayacaq və ictimai nəzarətin effektivliyini artıracaq.
Görüşün yekununda Rasim Məmmədov yerli şöbələrin fəaliyyətini daha da gücləndirmək və vətəndaşlarla sıx əlaqəni qorumaq istiqamətində qəti niyyətini bir daha təsdiqləyib. Görüş iştirakçıları vəsiqələrlə təmin olundu.






