Ramiz Mehdiyev yüzlərlə alimin bağ sahəsini əlindən aldı – ŞOK İDDİA

0
317

Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.

AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib. Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sözlərinə görə, alimlər bağ sahələrinin əllərindən alınması tapşırığının birbaşa Ramiz Mehdiyevdən gəldiyini deyiblər və AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin müdiri Elton Məmmədov (sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər İdarəsi müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar:

“AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansında olan torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə verilib.

İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur.

Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər.

Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.

Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır”, – məlumatda bildirilib.

İddia edilib ki, hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşır.

Yayılan məlumatla bağlı AMEA-ya sorğu verilib.