Xəbər verdiyimiz kimi, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi təsdiqlənib.
Prezident Administrasiyasının (PA) rəhbəri dəyişdiyinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sədri də dəyişib. Sədr vəzifəsində sabiq PA rəhbəri Ramiz Mehdiyevi Samir Nuriyev əvəz edib.
Bundan başqa, Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini itirdiyi və ya dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib.
Məsələn, keçmiş Daxili işlər naziri Ramil Usubovu hazırkı nazir Vilayət Eyvazov əvəzləyib. Bundan başqa, sabiq DTX sədri, hazırda Müdafiə Sənayəsi naziri vəzifəsini daşıyan Mədət Quliyev isə Əli Nağıyevlə əvəzlənib.
Vəzifəsindən azad edilən sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin də Komissiyadakı fəaliyyətinə xitam verilib.
Millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ilə yanaşı, deputatlar Bəxtiyar Əliyev və Səttar Mehbalıyev də Komissiyadan çıxarılıb. Hazırda Azərbaycanın Ukraynadakı səfiri vəzifəsini daşıyan Elmira Axundova isə vəzifə dəyişikliyi ilə əlaqədar eyni aqibətlə üzləşib.
Komissiyanın yeni tərkibində yer almayanlar arasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və Əməkdar müəllim Cəmilə Ramazanova da var.
Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi sonuncu dəfə 2016-cı ildə təsdiqlənmişdi.