Ramil Səfərov Markaryanı necə öldürüb? – Faktlar

0
416

Avropa İnsan Haqları Məhkəməsinin azərbaycanlı zabit Ramil Səfərovla bağlı çıxardığı qərardan sonra gündəmə gələn məsələlərdən biri də hərbçimizin erməni terrorçusunu hansı şəraitdə öldürməsidir. İctimaiyyətdə R.Səfərovun erməni Qurgen Markaryanı yatdığı yerdə öldürməsi haqda fikir formalaşsa da, reallıq tamam başqa cürdür.

Ramil Səfərovun atası Sahib Səfərov hələ 2012-ci ildə “Gündəlik Teleqraf” qəzetinə müsahibəsində zabitimizin erməni Qurgen Markaryanı hansı şəraitdə öldürməsi ilə bağlı mühüm məqamları detallarına qədər açıqlayıb.

S.Səfərov bildirib ki, Ramil NATO proqramı çərçivəsində Macarıstana, hərbi təkmilləşmə kursuna göndərilib. Bu kurslarda dünyanın bir çox ölkəsinin zabitləri, eləcə də Ermənistandan Qurgen Markaryan Ramillə birgə təhsil alırmış. İstintaq materiallarından, şahidlərin söyləmələrindən və Ramil Səfərovun özünün verdiyi ifadədən məlum olur ki, həmin erməni zabiti hər fürsətdə soydaşımızı başqa millətlərin zabitləri yanında aşağılamağa çalışırmış. Erməni Markaryan torpaqları qoyub qaçmağımız, qorxaq olduğumuz haqda uzun-uzadı danışaraq Ramilin əsəbləri ilə oynayırmış. Belə polemikalarda uduzan erməni bir gün Ramillə mübahisədə təhqirə keçir. Müharibə dövründə çoxlu sayda qadınlarımızın erməni əsgərləri tərəfindən əsr götürüldüyünü deyərək, Ramilə həqarətlər yağdırır. Ramil onun bu sözlərinin cəfəngiyat olduğunu desə də, erməni soyumaq bilmir.

Bir gün Markaryan hər səhər çəkməsini Azərbaycan bayrağı ilə təmizlədiyini, bu hərəkətilə Azərbaycan dövlətini, xalqını təhqir etdiyini söyləyir. Erməninin sonuncu təhqirinə dözməyən Azərbaycan zabiti düşmənin layiqli cavabını vermək üçün onu öldürmək qərarına gəlir. Gecə yatmaq vədəsində Ramil diktofon və paltarının altında gizlətdiyi balta ilə Markaryanın otağına gəlir və otaqda erməni ilə söhbətləşən macar zabitindən onları tək qoymasını xahiş edir. Ramillə təkbətək söhbətdən qorxan erməni macar zabitinin otaqda qalmasını istəyir. Lakin Ramil macara bu söhbətin yalnız ikisinə aid olduğunu başa salır.

Ramil baltanı çıxararaq erməni zabitinin indiyə qədər danışdığı həqarətlərə görə üzr istəməsini tələb edir. Özünü itirən erməni zabiti Ramilə yalvararaq, elədiyi həqarətləri bir zarafat kimi qələmə vermək istəyir. Ramil isə ona “Mənim səninlə zarafatım yoxdur, biz düşmən millətlərik, müharibəmiz də hələ davam eləyir. İndi bu diktofonu işə salıram. Mənim xalqımı təhqir etdiyinə görə üzr istəməlisən və dediklərinin öz xalqın haqda olduğunu burda öz dilinlə deməlisən!” deyir.

Erməni diktofon qarşısında bayrağa və təhqir etdiyi şəhidlərimizə görə üzr istəyir. Sonra da ucadan öz millətini təhqir eləyir. Ramil isə ona “Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdur!” deyib, onu baltalayır.

Ramilin vəkilinin ifadəsi və məlum səs yazısı…

Ramil Səfərovun vəkili Adil İsmayılov da zabitimizin Markaryanı yatdığı yerdə öldürmədiyini qəti şəkildə bildirib.

“Ramil Səfərov Qurgen Marqaryanı yatan yerdə öldürməyib! Bu, məhkəmənin hökmündə aydın şəkildə qeyd olunub”, – A.İsmayılov bu sözləri 2012-ci ildə mediaya açıqlamasında deyib.

A.İsmayılov vurğulayıb ki, Ramilin atasının bəhs etdiyi səs yazısını zabitimiz görüşlərin birində onun özünə verib və həmin səs yazısını atası şəxsən dinləyib.

Bu fakt Ramilin Markaryanı yatan yerdə öldürmədiyini, onunla üzbəüz söhbət edib üzr istəməsini tələb etdiyini bir daha sübuta yetirir.

Məhkəmə zamanı Qurgen Markaryanın Azərbaycan bayrağını təhqir etməsi də təsdiqlənib.

Məhkəmə protokollarında nə yazılıb?

Rəsmi məhkəmə protokollarında deyilir ki, 2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur. Burada avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya vermir və qarşı tərəfin üzr istəyəcəyini gözləyir. Erməni zabit isə üzr istəmir.

Daha sonra universitetə döndükdə isə R.Səfərov eşidir ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyur və gülürlər. Mahnının bəzi yerlərində “Qarabağ-Arsax” ifadələri səslənir və daha sonra onlar ermənicə söyüş söyürlər.

Bu hadisədən bir neçə gün sonra R.Səfərov dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurur.

Erməni mediasının yayımladığı bu məhkəmə protokolunda Azərbaycan bayrağının təhqir edilməsi məsələsi də öz əksini tapıb.

Fevralın 16-sı axşam saat 22:00 radələrində müttəhim (R.Səfərov) dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olur. Həmin söhbətdə Azərbaycan bayrağ məsələsi də hallanır. R.Səfərov eşidir ki, Markaryan Azərbaycan bayrağını təhqir edir.

Sənədin “Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var. Bildirilir ki, Ramil saysız-hesabsız təhqirlərdən sonra Qurgen Markaryanı öldürməyi qərara alıb və tarix kimi 1992-ci il 26 fevralını (Xocalı soyqırımının ildönümünü – red.) seçib. Lakin Qurgen Markaryanın Azərbaycan bayrağı ilə bağlı təhqirlərini davam etdirməsi Ramili özündən çıxarıb və o, erməni zabitini məhv edib.

Bütün bunlar – Ramil Səfərovun atası Sahib Səfərovun müsahibəsi, vəkil A.İsmayılovun dedikləri, eləcə də məhkəmə protokolları R.Səfərovun erməni Qurgen Markaryanı yatan yerdə öldürmədiyini bir daha sübuta yetirir.

Qurgen Markaryanla bağlı bir digər önəmli məqam da onun ailəsi ilə bağlıdır. Deyilənə görə, Ramil Səfərovun öldürdüyü Qurgen Markaryanın mənsub olduğu nəsil psixoloji cəhətdən sağlam deyilmiş. Belə ki, Q.Markaryanın atası Artuş Markaryan 2013-cü ildə intihara cəhd edib. O, bıçaqla özünə bir neçə zərbə endirib və venalarını kəsib. Təcili şəkildə xəstəxanaya çatdırılan Artuş Markaryanı həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunan Ramil Prezidentin sərəncamı ilə elə həmin gün əfv olunub və Orduya bərpa edilib.

26 may 2020-ci ildə Avropa Məhkəməsi Markaryan ailəsinin iddiası əsasında işlə bağlı qərar elan edib. Qərarda Markaryan ailəsinin Azərbaycan və Macarıstan dövlətinin üzərinə öhdəlik qoymaqla bağlı tələblərindən imtina edilib.

Buna baxmayaraq, R.Səfərovun ekstradisiyası və əfvi məsələsində beynəlxalq hüququn pozulması hallarının baş verdiyi qeyd edilib.

Azərbaycana yalnız vəkil xərci olaraq qarşı tərəfə 15 min avro ödəmək məsuliyyəti qoyulub.