Ramazan bitdi, toy bahalaşdı: “Məcbursan ki, qiymətləri qaldırasan” – SORĞU

0
73

Ramazan ayı başa çatdıqdan sonra, aprelin 11-dən toy bazarında canlanma müşahidə olunur. Ancaq bu canlanma qiymətlərdə özünü daha çox büruzə verir.

Menyu qiymətlərinin əvvəlki illərə nisbətən kəskin şəkildə artması ilə bağlı sosial şəbəkələrdə məlumatlar var. Bunu bəziləri Ramazan ayına görə sifarişlərin azlığı ilə əlaqələndirirlər.

Maraqlıdır, restoranlarda menyu niyə bahalaşıb?

8-ci km qəsəbəsi ərazisində yerləşən şadlıq saraylarından birinin səlahiyyətlisi standart menyu tətbiq etmədiklərini bildirib:

“Ümumi bahalaşma şadlıq saraylarına da öz təsirini göstərir. Lakin biz menyunu əvvəlki kimi tərtib etmişik. Qiymətləri qaldırmamışıq. Menyu qiyməti standart deyil. Ortalama qiymət 50 manatdır. Toy sahibinin zövqünə görə müəyyən olunur”.

3-cü mikrorayon ərazisində yerləşən şadlıq sarayından isə minimum menyu qiymətinin 70-75 manat arasında olduğu deyilib:

“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

7-ci mikrorayondakı restoranların birindən başlanğıc menyunun 100 manat olduğu bildirilib:

“Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 100 manatdır. Müraciətlər bir qədər azalıb. Amma ümumilikdə sifariş sayı o qədər də az deyil”.

Həmin ərazidəki başqa bir restoran səlahiyyətlisi isə menyunun fərdə görə dəyişdiyini qeyd edib:

“Menyu qiyməti ziyafətdə iştirak edəcək şəxslərin sayına görə dəyişir. Minimum menyu qiyməti bizdə 55 manatdan başlayır. Bu, sırf toy menyusunun qiymətidir. Ad günündə tamam fərqli olur. Menyu qiymətinin yüksək olduğunu düşünmürəm. Tələbat da o qədər az deyil ki, artım və ya azalma olsun”.

Babək prospktində yerləşən şadlıq sarayının səlahiyyətlisi həftəsonlarına edilən sifarişlərin çoxluğundan danışıb:

“Həftəiçi sifariş çox zəifdir. Əsasən, həftəsonlarında müraciət edirlər. Menyu qiymətləri münasibdir. 50 manatdan başlayır”.

Metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən qonaqların sayının getdikcə azaldığından xüsusilə şikayətlənib:

“Toy edən yoxdur. Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Məcbursan ki, qiymətləri qaldırasan. Toylara indi maksimum 100-150 nəfər çağırılır. Biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil”.

Müşahidələrdən aydın oldu ki, ən aşağı menyu 50 manatdır.